2021-ci il üçün yazlıq və çoxillik əkin üzrə 45 000-dən artıq fermerə 20 000 000 manatdan çox subsidiya ödənişi həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) verilən məlumata görə, həmin ödənişlər 82 000 hektardan artıq ərazini əhatə edib.
Bildirilib ki, monitorinqlər başa çatdıqca digər fermerlər də bu ayın sonunadək subsidiyalarını əldə edə biləcəklər. Ümumilikdə cari ildə, 2020-2021-ci il payızlıq, 2021-ci il yazlıq və çoxillik əkin bəyanları üzrə 340 000-dən artıq fermerə 152 000 000 manatdan çox subsidiya ödənilib.
Qeyd edək ki, aqrar subsidiyalar “fermer kart”larına köçürülür. Əkin subsidiyasının 25 faizi nağdlaşdırılan, 75 faizi isə nağdlaşdırılmayan vəsaitdir.