2021-ci ilin 31 may tarixinədək dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 1 026 müraciət üzrə 258 300 000 manat kreditə 149 700 000 manat məbləğində dövlət zəmanəti verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan verilən məlumata əsasən, mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi üzrə isə kredit qalığı 819 200 000 manat olan 4 497 müraciətə 57 000 000 manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edilib və artıq 49 300 000 manat subsidiya ödənişi həyata keçirilib.
Qeyd edək ki, sahibkarların dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə müraciətləri Elektron Kredit Platforması üzərindən qəbul olunur. Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması məqsədilə fond tərəfindən xidmətlərin tam elektronlaşdırılması istiqamətində tədbirlər görülür.