2021-ci il yanvarın 1-də açıqlanan məlumata görə, Azərbaycanda 373,8 min nəfər əlilliyi olan və buna görə pensiya alan vətəndaş olub. Komitənin iyulun 1-dək dövrü əhatə edən statistikasında isə bu say 358,2 min nəfərdir. Yəni 15 min 600 nəfər az.
Azərbaycanda əlilliyə görə pensiya alanların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatından belə görünür.
İqtisadçı Nemət Əliyev statistikaya əsaslanaraq deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində obyektivlikdən əsər-əlamət qalmayıb. İqtisadçı bildirir ki, 6 ay ərzində 15 min 600 nəfər azalma həqiqətə uyğun görünmür:
“Bu, necə ola bilər? Hətta saxta əlillik sənədləri əsasında pensiya verilməsinin durdurulması belə bu qədər fərqə səbəb ola bilməzdi. Çünki Azərbaycan ötən il 44 günlük müharibə yaşayıb. Müharibədə ayağını, qolunu, gözünü, bədəninin hansısa hissəsini itirənlər olub. Bütün bunları nəzərə alanda, say bu qədər azalmalı deyildi”.
İqtisadçı əlavə edir ki, müharibədən sonrakı durum əlilliyə görə pensiya alanların sayında artan dinamika yaratmalıydı. Lakin əlilliyi olan pensiyaçıların sayı nəinki artmayıb, əksinə, daha 4 faiz azalıb:
“Üstəlik, əlilliyə görə pensiyaların təyinatında əsassız yerə süründürməçilik halları çoxalıb. Bu nazirliyin idarəçilik sistemində obyektivlik və çeviklik kimi çox vacib prinsipial məsələlər arxa plana ötürülüb. Qanunsuzluq, özbaşınalıq da öz yerində“.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il açıqlama verib ki, ötən ilin sonlarından bəri 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb. Nazirliyin məlumatında qeyd edilir ki, araşdırmalar zamanı 7 mindən çox şəxsin “saxta əlillik” arayışı düzəltdiyi üzə çıxıb. Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxminən 16 min şəxsinsə ya reabilitasiya olduğu, ya da xəstəlik durumlarının əlillik qrupu təyinatına əsas sayılmadığı qənaətinə gəlinib. Bu o deməkdir ki, ötən il hər 100 əlildən təxminən üçünün əlillik dərəcəsi ləğv edilib. Nazirliyin açıqlamasında bu da qeyd olunub ki, ləğv edilən əlillik dərəcələri büdcəyə ildə 101 milyon manat qənaət etmək imkanı qazandıracaq.
Bu qərar əvvəllər pensiya alanlar arasında narazılığa səbəb olub. Pensiyası kəsilənlər bir neçə dəfə aidiyyatı qurumların binaları önündə aksiyalar da keçirib.