Müdafiə Nazirliyi: "Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir"
Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, oktyabrın 16-da Ermənistan Silahlı Qüvvələri Daşkəsəndə yerləşən bölmələrlə üzbəüz hərbi texnika və qüvvə yerləşdirib. Bunlar- Ermənistan SQ-ya məxsus hərbi texnika və nəqliyyat vasitələri, əlavə şəxsi heyətdir.
Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistan Müdafiə Nazirliyi sərhədə əlavə qüvvənin cəlb edilməsilə bağlı məlumatı təsdiq edib. Nazirliyin açıqlamasında qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədinin qeyd olunan istiqamətində əlavə qüvvə yerləşdirdiyindən, Ermənistan ordusu cavab tədbirləri həyata keçirib.
Sentyabrın 12-də Azərbaycanla Ermənistan arasında növbəti hərbi gərginlik yaşanıb. Ermənistanın Baş naziri Nikol Paşinyan iddia edib ki, Azərbaycan ordusu Ermənistan ərazilərinə keçib.
Azərbaycan prezidenti İlham Əliyev isə bildirib ki, iki ölkə ərazisində sərhəd məsələsi həll olunmadığından Azərbaycan ordusunun Ermənistan ərazilərinə keçməsini iddia etmək yanlışdır. 3 gün davam edən döyüşlərdə Azərbaycan 80, Ermənistan isə 210 hərbiçisini itirdiyini açıqlayıb.