İyunun 8-də “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün toplam 130 il cəza istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov çıxış edərək Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanovun 16, "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədlinin 15, siyasətçi Ruslan İzzətlinin 16, IDI əməkdaşları Ramil Babayevin 14, Əli Zeynalın 15, İlkin Əmrahovun 14, "Toplum TV" əməkdaşları Müşfiq Cabbarın 14, Fərid İsmayılov və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
O, Elmir Abbasovun məhkəmə zalında həbs olunmasını istəyib.
Bundan əlavə, prokuror təqsirləndirilən şəxslərin hər birinin 3 il rəhbər və maddi-məsul vəzifə tutmaq səlahiyyətlərindən məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı həmçinin təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş maşınları və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif edib.
Təqsirləndirilən şəxslər dövlət ittihamçısının çıxışına gülərək və alqışlayaraq reaksiya veriblər.
Növbəti proses iyunun 22-nə təyin edilib.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərdən III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, həmçinin IDI əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev hazırda həbsdədir.
Jurnalist Elmir Abbasov polis nəzarəti altındadır. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəl ev dustaqlığına buraxılıb, daha sonra polis nəzarətinə verilib.
Təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıq ittihamı ilə məsuliyyətə cəlb olunublar. Sonradan onlara qarşı irəli sürülən ittihamların ağırlaşdırıldığı açıqlanıb. Onlar ittihamları qəbul etmir, həbslərinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirirlər.
