ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili 12 oktyabrda XİN-ə çağırılıb
Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəlik ABŞ müvafiq qurumlarına məlumat verib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.
Hadisə ilə əlaqədar ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili 12 oktyabrda XİN-ə çağırılıb:
"Baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib. Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb"- nazirlikdən bildirilib.
Nazirliyin açıqlamasında bildirilib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə edilən hücumlarla bağlı aparılan istintaq tədbirləri XİN-in nəzarətində saxlanılacaq.