Hesabatda qeyd olunub ki, üç dövlət provayderi və iki mobil xidmət verən şirkət İlham Əliyevin ailəsi ilə bağlıdır
“Freedom House” təşkilatı “İnternet Azadlığı 2022” illik hesabatını açıqlayıb. Hesabata görə, Azərbaycan 38 balla "azad olmayan" ölkələr sırasında yer alıb.
70 ölkə üzrə vəziyyəti araşdıran təşkilat ölkə daxilində internet infrastrukturuna nəzarəti mərkəzləşdirən ölkələri, nəzarətin səviyyəsindən asılı olaraq qeyri-azad və ya qismən azad sayır.
Təşkilat 1 iyun 2021-ci ildən 31 may 2022-ci ilədək Azərbaycanda ən diqqət çəkən hadisələri sadalayıb:
1. Azadlıq qəzeti, Abzas.net, Azadlıq Radiosu (Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan xidməti), Gununsesi, Kanal 13 TV və Meydan TV də daxil olmaqla əsas müxalifət və müstəqil xəbər saytlarının bloklanması prosesi davam edib,
2. 2022-ci ilin fevralında Prezident İlham Əliyev onlayn medianın xəbər dərc etməzdən əvvəl qeydiyyatdan keçməsini və hökumətdən icazə almasını tələb edən yeni Media haqqında qanunu imzalayıb,
3. Məhkəmələr hökuməti internet resurslarında tənqid edənlərə on ilə qədər həbs cəzası verib. Müttəhimlər məhkəməyə bu iddialarla ziddiyyət təşkil edən sübutlar təqdim etsələr də, tez-tez şəxsləri "narkotik vasitələrdən istifadə etmək"də və ya “xuliqanlıq”da ittiham ediblər,
4. 2021-ci ilin iyulunda aparılan araşdırma nəticəsində məlum olub ki, jurnalistlər də daxil olmaqla, bir çox azərbaycanlı “Pegasus” casus proqramının qurbanı olub,
5. Fəaliyyətlərinə görə həbs edilmiş fəallar saxlanarkən hüquq-mühafizə orqanlarında döyülüblər.
“Freedom House”-un 2022-ci il hesabatına görə, qlobal azadlıqlar reytinqində Azərbaycan 100 mümkün baldan cəmi 9 xal toplayaraq qeyri-azad ölkə sayılıb.
Təşkilat bildirib ki, II Qarabağ müharibəsi dövründə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkə üzrə 46 gün internetə çıxışı məhdudlaşdırıb.
Hesabatda müxalif fəalların aksiyalara saatlar qalmış rabitə problemi yaşadıqları yazılıb. Bundan başqa AXCP sədri Əli Kərimlinin və onun ailə üzvlərinin 2020-ci ilin aprelindən başlayaraq mobil internetlərinin kəsilməsi qeyd olunub. Məhdudlaşdırmanın məqsədyönlü və fərdi pozuntu olduğu qənaətinə gəlinib.
Hesabatda qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir sıra aparıcı internet provayderlərində əhəmiyyətli paylara malikdir. Nazirliyin hökumətə şirkətlərə verilən internet xidmətlərini dayandırmaq barədə göstəriş vermək səlahiyyəti var.
Təşkilat sənəddə bildirib ki, Azərbaycanda İKT bazarı hökumətin əlində cəmləşib. Üç dövlət provayderi (Aztelekom, Baktelecom,AzDataCom.) 2019-cu ilə qədər bazarın təxminən 50 faizinə nəzarət edib.
Bundan əlavə, hesabatda qeyd olunub ki, Bakıdan kənarda fəaliyyət göstərən ən böyük internet provayderi- Aztelekom Prezident İlham Əliyevin ailəsi ilə bağlıdır.
Bundan başqa, Azərbaycanın mobil xidmət bazarında üç əsas şirkət var ki, onlardan ikisi- həm Azercell, həm də Azerfon Əliyevlər ailəsi ilə əlaqəlidir.
Təşkilat sənəddə qeyd edib ki, Azərbaycanda internetə çıxış aylıq gəlirlərə nisbətən bir qədər bahadır.
"İKT sektorunun dövlət tərəfindən idarə olunduğunu nəzərə alaraq, qiymətləri bazar deyil, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müəyyən edir"- hesabatda qeyd olunub.
Hesabata görə son bir ildə internet azadlığı 28 ölkədə pisləşib, 26 ölkədə yaxşılaşıb. Rusiya internet azadlığını daha çox məhdudlaşdıran ölkə olub.
Təşkilat qeyd edib ki, Azərbaycanda korrupsiya tüğyan edir və siyasi müxalifət illərlə davam edən təqiblərlə zəifləyib.
Bundan əvvəl yayımlanan hesabatda da “Freedom House” Azərbaycanı "qeyri-azad" və "avtoritar rejim" tərəfindən idarə olunan ölkə kimi xarakterizə etmişdi.
Hesabatla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxlasaq da, mətbuat xidməti suallarımızı şifahi cavablandırmaqdan imtina edib.
Azərbaycanın qonşularından Gürcüstan (78 bal) və Ermənistan (74 bal) interneti azad olan ölkələr siyahısına daxil ola bilib.