Ələsgər Məmmədli: ""Qeydiyyatdan keç, keçməsən səni cəzalandıracağıq" demək, qanunun qüvvəsini geriyə, insanların ziyanına tətbiq etmək konstitusion norma baxımından yolverilməzdir”
"Media haqqında" Qanuna əsasən, 6 ay müddətində qeydiyyat üçün Reyestrə müraciət etməyən KİV-lərin aqibətinə Medianın İnkişafı Agentliyinin (MİA) təqdimatı əsasında məhkəmədə baxılacaq. Bu barədə oktyabrın 14-də qüvvəyə minmiş Media Reyestrinin qaydalarını şərh edən MİA-nın nümayəndəsi bildirib.
"Media haqqında" Qanunda belə bir qayda ilə bağlı nə birbaşa, nə də dolayı qeydlər yoxdur.
Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyeva Turan İA-ya bildirib ki, "Media haqqında" qanunun 78.3-cü maddəsinə görə qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri reyestr formalaşdırıldıqdan 6 ay müddətində Agentliyə müraciət etməlidirlər:
“Qeyd olunan müddəa keçid müddəa statusundadır və Qanun qüvvəyə minənə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyır”- deyə Agentlikdən bildiriblər.
Açıqlamada bildirilir ki, qanunverici "Keçid müddəaları" maddəsini formalaşdırıb və media qurumlarına 6 ay ərzində Qanunun tələblərinə uyğunlaşmaq, fəaliyyətlərini bu istiqamətdə qurmaq və bundan sonra Media Reyestrinə müraciət etmək üçün imkan yaradıb.
Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra Qanunun 78.3-cü maddəsi (6 ay müddətində müvafiq quruma müraciət etmək) öz hüquqi qüvvəsini itirir və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi .(media subyektini yaratmamışdan 7 gün əvvəl müvafiq quruma müraciət) yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir.
"Media haqqında" Qanunun 65.4.4-cü maddəsinə əsasən isə, bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq MEDİA Agentliyinə rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin qanuna uyğunsuzluğu məsələsi məhkəmə qaydasında mübahisələndirilir, deyə Agentliyin açıqlamasında bildirilir.
Azadlıq qəzetinin redaktoru Rövşən Hacıbəyli AbzasMedia-ya deyir ki, yeni qayda müstəqil jurnalistikanın işinə əngəllər yaradacaq:
“İllər əvvəl belə suallar ortaya çıxanda mən deyirdim ki, ümidlə baxıram gələcəyə, yeni müstəqil olmuş ölkədir, müstəqil media yeni yaranıb və hər şey yaxşı olacaq, ancaq çox təəssüf ki, hakimiyyətin ömrü uzandıqca vəziyyət daha da pisləşir, daha da pisə doğru gedir. Hazırda qəbul edilən qanunlar, qərarlar jurnalistikanın əleyhinədir və yaxşı gələcək görünmür. Jurnalistikanın fəaliyyətini məhdudlaşdırmaq üçün indiyə qədər əllərindən gələni ediblər. İllərdir bu işlə məşğuldurlar ki, müstəqil mətbuatı sıradan çıxarsınlar. Hər vasitəyə əl atıblar və bu da onlardan biridir” – deyə redaktor bildirib.
Hüquqşünas Ələsgər Məmmədli deyir ki, mövcud “Media haqqında” qanunda reyestrdən keçməyən media orqanlarının məsuliyyət daşıyacağı ilə bağlı heç bir müddəa yoxdur:
“Hətta belə bir müddəa olsa belə, bu, ifadə azadlığına ciddi şəkildə müdaxilə hesab olunur. Əgər qanun fəaliyyət göstərən media orqanlarından sonra yaranıbsa, qanunun geriyə qüvvəsi ola bilməz. Qanun bundan sonra yaranan media orqanları üçün müəyyən tədbir görə bilər, daha əvvəl qanunvericiliyə uyğun fəaliyyət göstərən media orqanlarına "qeydiyyatdan keç, keçməsən səni cəzalandıracağıq" demək, qanunun qüvvəsini geriyə, insanların ziyanına tətbiq etmək konstitusion norma baxımından yolverilməzdir” – deyə hüquqşünas bildirib.
Ələsgər Məmmədli deyir ki, əgər agentlik hansısa qanunsuz qərar versə, media orqanı məhkəməyə müraciət etməlidir.