"Kim haqsızlıqla 9 il həbsdə qalsa, onun canında can qalmır artıq"
9 il əvvəl qeyri-rəsmi nikahda yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Aydın Qəhrəmanov Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Hadisə 2008-ci ildə baş verib. Aydın Qəhrəmanovun vəkili Tərlan Azayev AbzasMedia-ya bildirib ki, müvəkkilini qeyri-rəsmi nikahda yaşadığı xanımla və onun qardaşı qızı ilə birlikdə yaşadıqları evdə zəhərləyiblər:
"Xəstəxanada Aydının qanını təmizlədilər sağ qaldı, digər iki qadın rəhmətə getdi. Qəhrəmanov 5 il ərzində şikayət edirdi ki, bizi zəhərləyənləri tapın. Cinyət işi bağlanırdı, Aydın Qəhrəmanov təzədən şikayət edib icraatı təzələyirdi. İstintaq isə zəhərləyənləri tapa bilmirdi. 5 ildən sonra işi birdən bunun üstünə yıxdılar ki, o qadınları sən öldürmüsən. Bu ittihamla da ömürlük azadlıqdan məhrum etdilər. 10 ilə yaxındır ki, həbsdə idi” – deyə vəkil bildirib.
Hakim Kamran Əkbərovun sədrlik etdiyi prosesdə məlum olub ki, Aydın Qəhrəmanov təqsirsizdir və o, 2013-cü ildən haqsız olaraq həbsdə saxlanılır.
Vəkli Tərlan Azayev bildirib ki, bundan əvvəlki məhkəmələr ömürlük hökmü qüvvədə saxladığından bu məhkəmədən də bir gözləntiləri olmayıb. Ancaq hakim heç bir sübutun olmadığını, həbsin qanunsuz olduğunu görüb, 9 il sonra bəraət hökmü çıxarıb.
Vəkil qeyd edib ki, 9 il qanunsuz olaraq həbsdə saxlanılmaqla bağlı hələlik dövlətdən kompensasiya istəyib-istəməyəcəklərini qərarlaşdırmayıblar, amma çox güman kompensasiya tələb edəcəklər:
“O həbs olunanda 54-55 yaşı var idi, indi artıq 64 yaşı var. 9 il ərzində onda bir sürü xəstəlik əmələ gəlib. Kim haqsızlıqla 9 il həbsdə qalsa, onun canında can qalmır artıq".
Yanlış araşdırmaya və hökmə görə cəzalananların olub-olmamasına cavab olaraq vəkil bildirib ki, onlar bu tələblə çıxış etməyiblər, ancaq bəraət hökmü istəyiblər və bu qərar çıxarılıb: “Bəraət hökmü çıxarıldı və indi növbəti addımları fikirləşəcəyik”- deyə vəkil bildirib.