“Detallı sülh sazişi əldə olunarsa, çətinliklərimiz ola bilər”
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışında rəsmi Bakıya çərçivəli sülh müqaviləsi ilə bağlı təkliflərini göndərdiklərini bildirib.
Paşinyan qeyd edib ki, Ermənistanın Azərbaycanla münasibətlərini Dağlıq Qarabağ məsələsindən ayırmağa razı olması, onların Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarından imtina etməsi demək deyil:
“Əgər biz bu problemi həll ediriksə, təbii ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında Azərbaycanla çərçivəli sülh sazişi imzalamağa hazırıq” - deyə o bildirib.
Paşinyan bildirib ki, Rusiyanın təklifi Qarabağ məsələsinin qeyri-müəyyən müddətə təxirə salınmasıdır:
“Hökumət bu sazişi çoxdan, 2021-ci ilin yanvarından qəbul edib. Biz bu barədə hər şeyi dəqiqləşdirmədən danışmaq istəmirdik və mən Rusiya Prezidentinə təşəkkür edirəm ki, bizə mövzunu aydınlaşdırmaq imkanı verdi. Əslində bu qərar müxalifətin bizdən tələb etdiyidir, amma onlar bilmirdilər ki, biz çoxdan bu mövqedəyik” - baş nazir bildirib.
Paşinyan deyib ki, Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərini tərk etməsini tələb edir. Baş nazir rəsmi Bakının hansı əraziləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Paşinyan etiraf edib ki, sülh müqaviləsi bağlanana və ya qüvvəyə minənə qədər sərhədlərin delimitasiyasını başa çatdırmaq qeyri-realdır. Amma Ermənistan bu problemin də həllini təklif edir: “Biz təklif edirik ki, 1990-cı ildə faktiki mövcud olan sərhədlər əsas götürülsün, qoşunların qarşılıqlı çıxarılması təşkil edilsin, monitorinq mexanizmi yaradılsın, sərhəd zolağında ümumiyyətlə qoşun saxlanılmasın, bütün bu ərazilər sərhəd xidmətinə təhvil verilsin. Heç olmasa sərhəd zolağı haqda fikir yaransın. Yalnız bundan sonra, sakit şəraitdə uzun illər çəkə biləcək delimitasiya prosesinə start verilsin”.
Prezident İlham Əliyev oktyabrda keçirilən Praqa görüşündə bildirib ki, bu ilin sonuna qədər Ermənistanla sülh müqaviləsi imzalana bilər.