Naxçıvanın maliyyə naziri və Gömrük Komitəsinin şöbə rəisi "külli miqdarda mənimsəmə"də ittiham olunurlar
Noyabrın 26-da Səbail rayon Məhkəməsi Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Bu barədə məlumatı AbzasMedia-ya Səbail Rayon Məhkəməsinin hakim-spikeri Rəna Qafarova təsdiqləyib.
O bildirib ki, Rafel Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (Vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsilə ittiham olunur.
Mətbuatda maliyyə nazirinin 144 milyon manatın mənimsənilməsində ittiham edildiyi deyilsə də, Rəna Qafarova məlumatın istintaq sirri olduğunu bildirərək açıqlama vermək istəməyib.
Məhkəmənin hakimi bildirib ki, noyabrın 24-də Naxçıvanın Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov barəsində də eyni ittihamla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Vəzifəli şəxslərin ittiham olunduğu C.M. 179.4-cü maddəsi ilə onları 10 ildən 14 ilə qədər həbs cəzası gözləyir.
Hər iki vəzifəli şəxsin cinayət işləri Dövlət Təhlükəsizliyi Xidmətində aparılır. DTX-dan AbzasMedia-ya bildiriblər ki, bu barədə məlumat yayacaqlar.