Sərəncam DTX-nın Mədəniyyət Nazirliyində əməliyyat keçirdiyi ilə bağlı xəbərlərdən sonra imzalanıb
Noyabrın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev vəzifəsindən azad edilib.
Ötən gün hökumət mediasında yayılan məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat çərçivəsində E.Əliyevin də istintaqa cəld edildiyi bildirilirdi.
Bu məsələ ilə bağlı nə DTX, nə də Mədəniyyət Nazirliyi açıqlama verib. Bu gün Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AsanRadio-ya bildirilib ki, Elnur Əliyev iş başındadır və əməliyyatla bağlı hər hansısa rəsmi açıqlama yoxdur.
Bundan başqa, noyabrın 2-də nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Turan məlumat verir ki, Səbail Rayon Məhkəməsi xəbəri təsdiqləyib.
Amma şöbə müdirinin hansı ittihamlarla həbs olunduğu barədə məlumat verilməyib.
DTX 2020-ci ildə də Mədəniyyət Nazirliyində əməliyyat keçirib. O zaman nazirin keçmiş müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov həbs olunub. Onlar mənimsəmə və başqa əməllərdə ittiham edilirdilər. Əməliyyatdan sonra mədəniyyət naziri Əbülfəz Qarayev işdən azad olundu.