Seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların ləğvinə dair tələb aradan qaldırıldı

Seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların ləğvinə dair tələb aradan qaldırıldı
21 Noyabr 2022
Mətni dəyiş

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dəyişikliklər edilib


“Siyasi partiyalar haqqında” qanun layihəsinin bundan əvvəl narazılıqlara səbəb olmuş bir çox bəndləri dəyişdirilib, yaxud ümumiyyətlə ləğv edilib. 

Qanun layihəsinin ilkin versiyasına əsasən, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün azı 10.000 üzvü olmalı idi. İndi bu say 5000 nəfərə endirilib. 

Qanun layihəsinin ilkin versiyasına görə, qeydiyyatı olan siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayını 10 min nəfərə çatdırmalı idi, indi partiyalara üzvlərinin sayını 5 min nəfərə çatdırması üçün 180 gün vaxt veriləcək. Bunu həyata keçirə bilməyən partiyaların ləğvi barədə Apellyasiya məhkəməsində iddia qaldırılacaq.
 
Başqa dəyişiklik, siyasi partiyaların təsisçiləri ilə bağlıdır.  Öncəki qanun layihəsində partiya təsisçisindən  20 il Azərbaycanda daimi yaşamaq tələb olunurdu. Yeni dəyişikliklə bu tələb də aradan qaldırılıb. 

Bundan başqa, siyasi partiyanı azı 50 vətəndaş (təsisçilər) təsis edə biləcək. Halbuki qanun layihəsinin ilkin versiyasına görə, siyasi partiyanı azı 200 vətəndaş (təsisçilər) təsis edə bilərdi.

Yeni qanun layihəsində ən çox etirazlara səbəb olan, siyasi partiyaların parlament, prezident və bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak etmədikdə ləğv ediləcəyi ilə bağlı tələb isə aradan qaldırılıb.

Yeni dəyişikliklə partiya ona pozuntularla bağlı edilmiş xəbərdarlıqlara məhəl qoymasa, müvafiq icra orqanının məhkəmə şikayəti ilə fəaliyyəti 2 aydan 6 ayadək müddətə dayandırıla bilər. Qanun layihəsinin əvvəlki versiyasında bu müddət 1 il nəzərdə tutulmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun