Elçin Sadıqov: “Ola bilər ki, gələcəkdə bu platformalarla bağlı hansısa problem yaransa, bu maddədən yaranan öhdəlikləri siyasi təzyiq vasitəsi kimi istifadə etsinlər”
Azərbaycanda fəaliyyət göstərən xarici sosial şəbəkə platformalarının ölkə ərazisindəki reklam xidmətlərinə görə vergi uçotuna alınmaları təklif olunur.
Bu,“Vergilər Məcəlləsinə dəyişikliklər” layihəsində öz əksini tapıb.
Layihənin 33.8-1-ci maddəsində qeyd olunur ki, "rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydası müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir".
Məsələn, “İnstagram” və “Facebook” kimi sosial şəbəkə platformaları əgər Azərbaycan şirkətlərindən və vətəndaşlarından reklam xidmətləri üçün vəsait alacaqsa, onlar vergi orqanlarında qeydiyyata düşməlidirlər.
Vəkil Elçin Sadıqov AbzasMedia-ya deyir ki, maddədə sosial şəbəkələr nəzərdə tutulur və aydın deyil ki, bu qanun necə tətbiq olunacaq.
Onun sözlərinə görə, qanunda məlumatların götürülməsi və reklam verilməsi xidmətləri zamanı əldə olunan vəsaitdən vergi tutumu nəzərdə tutulur:
“Yeni maddə Facebook, İnstagram və Twitter kimi xarici sosial şəbəkə platformaları üzərində vergi öhdəliyi yaradır. Bu nəzərdə tutulanlar rezident deyillər və Azərbaycanda qeyri-rezident kimi qeydiyyata alınmaları da mümkün deyil. Ona görə də bu şirkətlərdən verginin tutulması mümkün olmayan bir məsələdir. Bununla bərabər, Azərbaycan ikili verginin tutulmaması ilə bağlı beynəlxalq müqavilələrə qoşulub. Yəni, həmin şəxslər öz ölkələrində vergi verirlərsə, avtomotik olaraq Azərbaycanda vergidən azad olunurlar. Ona görə də düşünürəm ki, bu maddənin tətbiqi gələcəkdə çox ciddi problemlər yaradacaq. Eyni zamanda, həmin şəxslərlə bağlı kameral və səyyar vergi yoxlamaları keçirmək də mümkün deyil”.
Elçin Sadıqov deyir ki, bu maddə qəbul olunduğu halda, ölü bir maddəyə çevriləcək.
Onun sözlərinə görə, ən yaxşı halda bu maddə sonradan təzyiq vasitəsinə çevrilə bilər.
“Bu şirkətlər Azərbaycanda vergitutma obyekti deyillər və burada əsasən sosial şəbəkələr nəzərdə tutulur. Maddə qəbul olunarsa onların vergi borcu avtomatik olaraq yaranacaq və ola bilər ki, gələcəkdə bu platformalarla bağlı hansısa problem yaransa, bu maddədən yaranan öhdəlikləri siyasi təzyiq vasitəsi kimi istifadə etsinlər” – deyə vəkil Elçin Sadıqov bildirir.
Qanun layihəsi Milli Məclisin birinci oxunuşundan keçib.