Yeniyetmənin hüquqlarını müdafiə edən vəkil onun sağlam olduğu halda xəstəxanaya yerləşdirildiyini bildirir
Salyan rayonunda yetkinlik yaşına çatmayan F.İ.-nin LGBTQI+ olduğuna görə valideynlərinin mütəmadi zorakılığına məruz qaldığı bildirilir.
Bu barədə gəncin hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı AbzasMedia-ya məlumat verib.
Vəkil qeyd edib ki, 17 yaşlı F.İ. zorakılığa məruz qaldığına görə Salyan rayon Polis Şöbəsinə, eyni zamanda mühafizə orderinin alınması üçün Salyan rayon İcra Hakimiyyətinə müraciət edib.
Fariz Namazlının sözlərinə görə, icra hakimiyyəti bu il avqustun 23-də F.İ.-yə qısamüddətli mühafizə orderi verib:
“Həmin orderə əsasən, atası gəncin hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərə yol verilməməsi, ona qarşı daha diqqətli olması və ona məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilib. Buna baxmayaraq, F.İ.-yə qarşı onun atası tərəfindən qeyri-qanuni hərəkətlər davam etdirilib. Belə ki, atası F.İ.-nin şəxsiyyət vəsiqəsini əlindən alıb, onu LGBTQI+ fərdi olduğuna görə öldürməklə və ya psixiatrik xəstəxanaya yerləşdirməklə hədələyib” – vəkil bildirib.
Fariz Namazlı deyib ki, şəxsiyyət vəsiqəsi əlindən alındığına görə F.İ. ali təhsil müəssisəsinə daxil olmaq üçün sənədlərini təqdim edə bilmir. Bununla bağlı zərərçəkən rayon polis şöbəsinə müraciət etsə də, polis şöbəsinin əməkdaşları kömək etmək istəməyib və valideynin övladının sənədlərini saxlamağa ixtiyarı olduğunu bildiriblər.
Fariz Namazlı bildirib ki, hazırda F. İ. Salyan rayon məhkəməsinin qətnaməsinə əsasən psixiatriya xəstəxanasına yerləşdirilib. O deyib ki, bu barədə Salyan rayon İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və İnsan Hüquqları üzrə Müvəkkil aparatına məlumat verilsə də, konkret və təcili tədbirlər görülmür.
Ombudsman Aparatının mətbuat katibi Emil Şahzadə AbzasMediaya bildirib ki, vəkil Fariz Namazlı onlara yeniyetmənin hara yerləşdirilməsi ilə bağlı müraciət edib. Onun sözlərinə görə, Salyan rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərova bu barədə rəsmi müraciət edilib və uşağın yerinin təyin edilməsilə bağlı alınan cavab vəkilə yönləndirililib. Emil Şahzadə qeyd edib ki, məsələ diqqətdə saxlanılır.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin əməkdaşı Tural Hüseynzadə bildirib ki, məsələ ilə bağlı DİN və yerli icra hakimiyyəti orqanına rəsmi şəkildə müraciət ediblər, amma hələ cavab ala bilməyiblər. O bildirib ki, cavab məktubu gəldikdən sonra hər hansı qanunauyğunsuzluq aşkar edərlərsə, məsələni mübahisələndirəcəklər.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov deyib ki, yeniyetmə avqustun 8-də DİN-in "102" xidmətinə, eləcə də Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ailə üzvləri tərəfindən zorakılığa məruz qalması barədə məlumat verib. O bildirib ki, müraciətlə bağlı araşdırma aparılıb, tərəflərin izahatları alınıb.
N.Həmidov əlavə edib ki, aparılan araşdırmalar zamanı yeniyetmənin qeyd etdiyi iddialar öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilib.
Məsələ ilə bağlı Salyan Rayon İcra Hakimiyyətindən məlumat almaq mümkün olmayıb.