Penitensiar Xidmət: “Onun dünən təzyiqi bir az aşağı düşüb"
Həbsdə olan bloqer Abid Qafarovun kliniki ölüm keçirdiyi deyilir.
Bu barədə məlumatı AbzasMedia-ya bloqerin həyat yoldaşı Elnarə Qafarova verib.
Xanım deyib ki, yoldaşı bu gün səhər ona zəng edərək gecə kliniki ölüm keçirdiyini deyib:
“Bu gün səhər saatlarında zəng etdi. Dedi gecə kliniki ölüm keçirib, tibb məntəqəsinə aparıb ürək masajı ediblər. Məhbus yoldaşları deyib ki, "keçinmişdin", ürək masajından sonra xırıltı oldu, ayıldın. İndi deyirdi ki, bir tərəfini hiss etmir".
E. Qafarova deyib ki, vəkil Aqil Layıc həbsxana rəhbərliyi ilə danışıb Abid Qafarovun klinikaya köçürülməsini istəyəcək:
"Bundan əvvəl yoldaşımın xroniki xəstəlikləri olub, ancaq müalicə olunub və bitib. Tutulanda sağlam idi və onu sağlam istəyirik” – deyə Elnarə Qafarova bildirib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov AbzasMedia-ya açıqlamasında bildirib ki, Abid Qafarovun kliniki ölüm keçirməsilə bağlı deyilənlər həqiqəti əks etdirmir:
“Onun dünən təzyiqi bir az aşağı düşüb. Tibb müəssisəsində müayinə edilib və yaxşıdır. Kliniki ölüm keçirməsilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Hazırda qaynatası da yanındadır və vəziyyəti yaxşıdır’ – deyə Mehman Sadıqov bildirib.
Abid Qafarov 13 iyulda Yasamal rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib.
Abid Qafarov qaziləri təhqir etməkdə, onları “müti” adlandırmaqda ittiham olunub.
O, 2020-ci ildə deputatlığa namizəd olub.
Abid Qafarov həbsindən öncə bildirib ki, "Tərtər işi" ilə bağlı araşdırmalarına görə onu cəzalandırırlar.