ABŞ Dövlət Departamenti Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polkovniki Kərim Əlimərdanovu sanksiya siyahısına salıb
Bu gün Birləşmiş Ştatlar azərbaycanlı polis polkovniki Kərim Əlimərdanova qarşı insan haqlarının pozulmasına görə sanksiya tətbiq edib.
Turan-ın Vaşinqton müxbiri xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşı olan Əlimərdanov insan hüquqlarının pozulması və korrupsiya faktlarına görə müxtəlif ölkələrdən olan 40-dan çox şəxsin siyahısında yer alıb.
Bu addım Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə və Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsinə təsadüf edir.
“ABŞ Dövlət Departamenti Əlimərdanovu kobud insan hüquqları pozuntularında, yəni 2015 və 2016-cı illərdə məhbuslara işgəncə verməkdə iştirakına görə cinayət məsuliyyətinə cəlb edir” – ABŞ Dövlət Departamentinin 9 dekabr 2022-ci il tarixli bəyanatında deyilir.
Qeyd edək ki, bu, Azərbaycan dövlət məmuruna qarşı beynəlxalq sanksiyaların ilk tətbiq olunması hadisəsidir.
Sanksiyaların konkret nədən ibarət olduğu barədə məlumat verilmir. Lakin bu, adətən, ABŞ-a girişin qadağan edilməsi, əgər varsa, ABŞ-dakı hesablara və əmlaka həbs qoyulması deməkdir. Barəsində cinayət təqibi olan şəxslər ABŞ-ın tələbi ilə üçüncü ölkələrin ərazisində həbs oluna bilər.
Polis polkovniki Kərim Əlimərdanovun adı "Nardaran işi"ndə, gənc fəal Elgiz Qəhrəmanın məhkəmə prosesində çəkilib. İttiham olunanlar polkovnik K. Əlimardanovun onlara işgəncə verdiyini bildirib. E.Qəhrəman məhkəmədə deyib ki, BMCMİ-də saxlanıldığı 6 gün ərzində Əlimərdanovun göstərişi ilə döyülüb və alçaldılıb. Ondan tələb olunub ki, cibinə qoyulan narkotikin ona məxsus olduğunu etiraf etsin və ilahiyyatçı Fətullah Gülənlə əlaqələri haqqında etirafedici ifadələrin altına imza atsın. Beynəlxalq təşkilatlar Elgiz Qəhrəmanı siyasi məhbus kimi tanımışdılar.