Vəkili: “Onlar Akif Çovdarovun əmlakları deyil, qohumlarına aid olan əmlaklardır”
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə keçmiş MTN generalı Akif Çovdarovun müsadirə olunmuş əmlakları geri qaytarılıb. Söhbət ümumilikdə 30 milyon manata yaxın dəyəri olan əmlakdan gedir. Bu əmlaklar onun ailə üzvlərinin adına rəsmiləşdirilib.
Akif Çovdarovun vəkili Kamandar Nəsibov AbzasMedia-ya bildirir ki, sözügedən əmlaklar Akif Çovdarova aid deyil:
“Onlar Akif Çovdarovun əmlakları deyil, qohumlarına aid olan əmlaklardır. Onun ailəsi və uşaqları var, hər birinin də iki-üç uşağı var və hamısı ayrı yaşayır. Onların əmlaklarıdır, bu əmlaklar niyə Akif Çovdarovun olsun? Rəsmi olaraq da onun adına deyil. Ümumiyyətlə, Akif Çovdarovun adına heç nə yoxdur. O vaxt istintaq heç bir araşdırma aparmadan ona məxsus kimi göstərmişdi. İşə yenidən baxıldı və artıq aydın oldu ki, bu həqiqətən də Akif Çovdarova aid olan əmlaklar deyil, ona görə də üzərlərindən həbs götürüldü”.
Kamandar Nəsibov deyir ki, Akif Çovdarovun pensiyasını qanunsuz olaraq bu günə kimi vermirlər.
Onun sözlərinə görə, Mədət Quliyev DTX rəisi olarkən, onun pensiya sənədlərini qanunsuz olaraq Dövlət Sosial Müdafiə Fondundan geri götürüb:
“İndi iş məhkəmədədir, ümid edirəm qərar verilər ki, pensiyasını versinlər. İndi DTX-dan bir nəfər gəlir məhkəməyə ki, bəs prezidentin sərəcamı var, Akif Çovdarovun general rütbəsi əlindən alınıb. Sərəncamı istəyirik, deyirlər, bizdə yoxdur. Saytda da yoxdur. Prezident Administrasiyasına da müraciət edirik, cavab vermirlər. Bu adam pensiyanı almalıdır, yoxsa yox? 7 ildir pensiyasını vermirlər. Akif Çovdarovu elə qohumları saxlayır. Onu oğlu, qızı, kürəkəni, onlar saxlayır. Bu gün onun dolanışığı yoxdur. Maaşı yox, pensiyası yox, hardan dolanmalıdır?!”.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov 2015-ci ildə həbs edilib. O, mənimsəmə və ya israfetmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, qanunsuz olaraq silah gəzdirmə, rüşvət alma və digər ağır cinayətlərdə ittiham olunub.
A. Çovdarov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
İlham Əliyevin 2020-ci ildə imzaladığı Əfv Sərəncamı ilə o, azadlığa buraxılıb.