Böyük Qayıdışın təmin olunması üçün büdcədən 19,2 milyard manat yönləndiriləcək
“İlkin hesablamalara görə, inkişaf strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 milyard manat vəsait tələb olunur. Bunun da 19,2 milyard manat və ya 58,7 faizi işğaldan azad olunan ərazilərə Böyük Qayıdışın təmin edilməsinə yönəldiləcək”
Baş nazir Əli Əsədov dekabrın 9-da Milli Məclisdə çıxışı zamanı bu sözləri deyib. O bildirib ki, 2023-cü ilin dövlət büdcəsinə gəldikdə isə, inkişaf strategiyası ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyləşdirilməsi üçün 5,2 milyard manat vəsait nəzərdə tutulub:
“Bu vəsaitin də 3 milyard manatı işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasına xərclənəcək. 2022-ci illə müqayisədə bu rəqəm 12,4 faiz çoxdur” - deyə Baş nazir qeyd edib.
Ə. Əsədov ölkədə qida və dərman sahəsindəki bahalaşmanı dünyada istehsal-təchizat zəncirində qırılmalarla əlaqələndirib. O əlavə edib ki, əksər ölkələrdə inflyasiyası 2 rəqəmlidir.
“Aydındır ki, dünya fevraldan öncə olduğu vəziyyətdə olmayacaq. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. İnflyasiya ölkəmizdə əsasən ərzağın təxminən 60 faiz bahalaşmasına səbəb olub. Azərbaycan dərman məhsullarının 95 faizdən çoxunu idxal edir: Almaniya, Birləşmiş Krallıq, Rusiya, Ukrayna, Türkiyə və s. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi müvafiq qaydalara uyğun olaraq Tarif Şurası tərəfindən həyata keçirilir. Şura tərəfindən son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub, bu da ümumi dərmanların cəmi 2 faizdir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi” - Əli Əsədov deyib.
Baş nazir əlavə edib ki, mövcud qanunvericiliyə əsasən fiziki şəxslər özünə lazım olan qədər dərman vasitəsini ölkəyə gətirə bilərlər.
Əli Əsədov bildirib ki, vətəndaşa zəruri olan miqdarın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib.
“2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Samir Şərifov bildirmişdi ki, bu vaxta qədər azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinə 9 milyard 700 milyon manat vəsait xərclənib.