Cinayət işində müstəntiqin İlkinin telefonunu tədqiq etmək üçün Arzu Daşdəmirova verdiyi qeyd olunub
Dekabrın 8-də Gəncə Ağır Cinayətlər məhkəməsində təqsirləndirilən şəxs İlkin Süleymanovun prosesi zamanı vəkillər işin istintaqını aparmış orqanların rəhbərlərinin məhkəməyə çağırılmasını istəyiblər.
APA xəbər verir ki, vəkillər verdiyi vəsatətdə Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcov, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, eləcə də bu cinayət işinin istintaqını aparmış Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevin dindirilməsini xahiş ediblər.
Vəkil Zabil Qəhrəmanov bildirib ki, cinayət işinin materiallarında müstəntiqin İlkinin telefonunu tədqiq etmək üçün Arzu Daşdəmirova verdiyi qeyd olunub.
Nərmin Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanova qarşı sübutlardan biri onun telefonudur. İ.Süleymanovun telefonunda müxtəlif vaxtlarda “Youtube” şəbəkəsində cizgi filmlərinə, intim xarakterli videolara baxış olduğu iddia olunur.
Vəkillər bildirib ki, İlkin 6 yanvar 2020-ci ildə axşam saat 20.00 radələrində saxlanılıb, o vaxtdan telefonu əlindən alınıb: “O vaxtdan telefona müxtəlif formada müdaxilələrin edildiyi mümkündür, müxtəlif sayt və şəbəkələrə daxil olunaraq, saxta sübutlar yaratmağa cəhd göstərilib. 8 yanvarda müstəntiqə ifadə verərkən intim xarakterli videoya baxılması haqda ekspert rəyində yazılanlar da bunu sübut edir. Kamal Qılıcovun dindirilməsi məsələsinə gəlincə, onun adı il yarımdır ki, bu məhkəmə prosesində hallanır, müstəntiqə və İlkin Süleymanova təzyiq göstərdiyi bildirilir. İlkin Süleymanov özü də, məhkəmədə dindirilən şahidlər də dəfələrlə onun adını çəkiblər”.
Vəsatət açıq saxlanılıb.
Bundan əvvəlki iclasda aparıcı Zaur Baxşəliyevin məhkəməyə çağırılması ilə bağlı vəsatətin isə təmin olunmadığı elan olunub.
İlkin Süleymanov Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
10 yaşlı Tovuz rayonunun Dondar Quşçu kənd sakini, Nərmin Quliyeva 2019-cu ilin noyabrın 19-dan itkin düşüb və 2020-ci il yanvarın 6-da qətlə yetirilərək yandırılan meyiti kənd ərazisində aşkar edilib.
İlkin Süleymanov azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkinin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.
Proses dekabrın 21-də davam etdiriləcək.