Bəxtiyar Hacıyev həbsdən məktub göndərib
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovla əlaqələrinin olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Hacıyev “Müdafiə Xətti” hüquq müdafiə təşkilatına göndərdiyi məktubda qeyd edib ki, onun həm Kəmaləddin Heydərovla, həm də dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyevlə görüşləri olub:
“Əvvəllər həm mətbuatda, həm də sosial şəbəkələrdə dəfələrlə açıqladığım kimi, 2019-cu ilin əvvəlində İlham Əliyevin təşəbbüsü ilə mənimlə əlaqə qurulub, mənə bildirilib ki, Əliyev islahatlara başlayacaq, bu prosesdə mənim də yeni komandada hər hansı bir qurumda təmsil olunmağımı istəyir. Danışıqların aparılması fövqəladə hallar naziri Kəmaləddin Heydərova həvalə olundu. Onunla dəfələrlə görüşlərimiz olub, bu müddətdə məndən öncəki ictimai-siyasi problemlər və onların həll yolları barədə təkliflər istəyiblər. Daha sonra prezidentlə kommunikasiyanı dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyevə həvalə ediblər".
Bəxtiyar Hacıyev göndərdiyi məktubda qeyd edir ki, danışıqlar prosesində ondan 5 mümkün təklif istənilib. O, 4 istiqamətdə təklif verib 5-ci yeri boş saxlayıb:
"Sonuncu hissəni boş buraxmışam ki, prezident həqiqətən islahatlara gedəcəksə və məni, həqiqətən də hər hansı bir posta təyin etmək istəyirsə, 5-ci təklifi özü versin. Bu proses uzandığına, nəticəsiz qaldığına görə öz təşəbbüsümlə danışıqları dayandırdığımı bildirmiş və 2020-ci il parlament seçkilərində iştirak etmişəm. Mənə verilən məlumat əsasında əminliklə deyə bilərəm ki, paylaşılan yazışmalarda real hissələr olduğu kimi məni nüfuzdan salmaq, ayrı-ayrı şəxslərlə konflikt yaratmaq üçün xeyli saxta əlavələr də edilib” – deyə Hacıyev məktubda qeyd edib.
Bu gün həkim, professor Adil Qeybulla 13 gündür həbsinə etiraz olaraq aclıq aksiyası keçirən Bəxtiyar Hacıyevlə görüşüb, onu müayinə edib.
O, AbzasMedia-ya açıqlamasında bildirib ki, Hacıyevin həyatına təhükə yoxdur:
“Onun bütün göstəricilərini yoxladım, sistem də köçürdüm. Çəki itirib, bu da normaldır. Bizimlə birlikdə hərəkət edirdi, psixoloji vəziyyəti normal idi. Ancaq buna baxmayaraq onunla danışdıq ki, aclığı dayandırsın. Hazırda ona dəstək müalicəsi də gedir. Bütün hallarda aclığı davam etdirməyi məqsədəuyğun deyil. Mütəmadi müalicə altında saxlanılmalıdır. Bununla bağlı Tibb İdarəsilə danışdım ki, mən onu mütəmadi olaraq müayinə edim" – deyə həkim bildirib.
Vəkili Şəhla Hümbətova da Bəxtiyar Hacıyevlə görüşüb.
Onun sözlərinə görə, Bəxtiyar Hacıyev aclığı dayandırmayacağını bildirib:
“Bu gün sistem köçürüblər, özünü normal hiss edirdi. Bildirdi ki, aclığı qəti şəkildə dayandırmayacaq. Dedi ki, görürəm mənə qarşı kampaniyaya başlayıblar, profilimi sındırıb saxta məlumatlar yayırlar. Biz ona onunla bağlı yayılan materiallar haqqında məlumat verdik. O dedi ki, materialların hamısı ilə tanış olduqdan sonra cavablandıracaq” – deyə vəkil bildirib.
Dekabrın 26-da B. Hacıyevin sosial şəbəkə hesablarından "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı ilə olan danışıqları yayılıb. Səsli mesajlarda Bəxtiyar Hacıyev FHN haqqında gedəcək xəbərləri V. Mahirqızı ilə müzakirə edir. İctimai fəal nazirliyin imicinə mənfi təsir göstərə biləcək halların qarşısını almaq üçün V. Mahirqızına təkliflər verir.
V. Mahirqızı yayılan yazışmalarla bağlı açıqlama verməyib.
İctimai fəal B. Hacıyev barəsində 9 dekabrda Xətai rayon Məhkəməsinin qərarı ilə 50 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunur.
Bəxtiyar Hacıyev həbsinin ictimai-siyasi fəaliyyətinə görə olduğunu və bununla onu fəaliyyətindən kənarlaşdırmağa çalışdıqlarını deyib.