İsveçli jurnalist Azərbaycan hökumətinin ona rüşvət təklif etdiyini deyib

İsveçli jurnalist Azərbaycan hökumətinin ona rüşvət təklif etdiyini deyib
21 Dekabr 2022
Mətni dəyiş

Jurnalistdən Azərbaycan haqda müsbət yazılar yazmağı istəyiblər

İsveçli jurnalist Rasmus Kanbək Azərbaycan hakimiyyətini ona rüşvət təklif etməkdə ittiham edib.

Jurnalist özünün Twitter hesabında Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı ilə yazışmasını paylaşıb. Yazışmadan bəlli olur ki, Komitənin əməkdaşı Cahid İsmayıloğlu ona əməkdaşlıq təklif edərək, pul müqabilində Azərbaycan haqda müsbət yazılar yazmağı təklif edib.

İsveçli jurnalist bundan əvvəl Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyətini tənqid edən yazılar yazıb. 
    
Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı Şuşada keçirilən forumda iştirak etdiyi üçün məlumatı dəqiqləşdirə bilməyəcəyini deyib.  

Bundan əvvəl də Azərbaycanın xeyrinə fəaliyyət göstərmək üçün hökumət xarici jurnalistlərə, siyasətçilərə rüşvət təklif etməkdə ittiham olunub. 

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) 2017-ci ildə yayımladığı "Azərbaycan Camaşırxanası" (Azerbaijani Laundromat) adlı layihədə Azərbaycanın hakim elitasının avropalı siyasətçilərə 2.8 milyard dollar xərclədiyi ortaya çıxmışdı. 

Yazıda qeyd olunurdu ki, vəsait Birləşmiş Krallıqda yerləşən qeyri-şəffaf şirkətlər vasitəsilə ötürülüb.

Pulu əldə edən insanların arasında hökumətə qarşı rəğbət nümayiş etdirən avropalı siyasətçilərin də olduğu bildirilir. 

Hesabatda fond ilə Azərbaycan prezidenti İlham Əliyev arasında əlaqənin olduğu qeyd edilib.

Prezident Administrasiyası isə iddiaları rədd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun