Saxlanılan şəxsin atası: "Polisə müraciət edəndə bizə onun dini inancları ilə bağlı suallar verdilər"
Müsəlman Birliyi Hərəkatının üzvü Mirtofiq Hüseynovun saxlanıldığı bildirilir. Onun atası Mircəlal Hüseynov bu barədə AbzasMedia-ya məlumat verib.
Hüseynov bildirib ki, oğlunu 20 yanvar dairəsində mülki geyimli şəxslər saxlayıb:
“İşdə olarkən zəng edib çölə çağırıblar, o da çıxıb. Ondan sonra əlaqə saxlamaq mümkün olmayıb. Daxili İşlər Nazirliyinə müraciət etdik, dedilər, xəbər veriləcək, ancaq heç bir məlumat verilməyib. Bundan əvvəl hansısa səbəbdən saxlanıldığı olmayıb, ona görə bilmirik nəyə görə saxlanılıb. Amma biz polisə müraciət edəndə bizə onun dini inancları ilə bağlı da suallar verdilər, ona görə ehtimal edirəm ki, saxlanılması dini inancları ilə bağlıdır” – deyə Mircəlal Hüseynov bildirib.
Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev AbzasMedia-ya bildirib ki, inanclı fəalın saxlanılması ilə bağlı məlumatı yoxdur.
Mirtofiq Hüseynov son günlər Müsəlman Birliyi Hərəkatının saxlanıldığı və ya həbs edildiyi bildirilən dördüncü üzvüdür. Son 4 gündə Şahin Qədirli, Nicat Əliyev və Samir Babayev saxlanılaraq barələrində narkotik ittihamı ilə cinayət işləri açılıb.
Nicat Əliyev barəsində 4 ay, Samir Babayevlə bağlı isə 2 ay həbs qətimkan tədbiri seçilib.