Azərsu ASC: “Hazırda Neftçalaya ikinci su kəmərinin çəkilişi davam edir”
Neftçala rayonunun Musalı kəndində su maşınları dövr edir. Sakinlər gündəlik su ehtiyaclarını bu maşınlardan aldıqları su ilə ödəyirlər.
Musalı kənd sakini Çingiz Səmədov deyir ki, hazırda evlərində su yoxdur, çən boşalıb. Ayda bir dəfə su idarəsindən gəlib çənləri doldururlar, o da ayı görmür:
“Camaat keçən il məcbur olub həyətində su quyusu qazdırdı. Rayon camaatının 15 faizi quyu qazıb, bir az su çıxara bildi. İndi də Kür çayının qabağını bağlayırlar ki, Xəzərin şor suyu gəlib Kürə qarışmasın. Hal-hazırda su məsələsində vəziyyət gərgindir, heç yaxşı deyil. Həll məsələsi də yoxdur. Çox vədlər eşitmişik...” – deyə Çingiz Səmədov gileylənir.
Ölkə başçısı İlham Əliyevin 27 iyul 2020-ci ildə təsdiq etdiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı"na əsasən, bu problemlər həll olunmalı idi.
Tədbirlər Planında Neftçala şəhərinin içməli su təchizatının başa çatdırılması hədəflənmişdi.
Neftçala seçki dairəsindən parlamentdə təmsil olunan deputat Sabir Rüstəmxanlı deyir ki, o su probleminin həlli üçün prezidentə müraciət edib:
“Su çatışmazlığı, suyun şorlaşması kimi problemlərlə bağlı prezidentə də müraciət etmişəm. Hazırda şəhərin içməli su məsələsi həll olunub, indi ikinci xətt çəkilir, evlərə paylanmada təhcizat problemləri varsa, aradan qaldırılır. Eyni zamanda, Xəzərin suyunun Kürə axıb suyu şorlaşdırmaması üçün yeni bənd də çəkilir. Təbii ki, su təminatı bütün Neftçalanı əhatə etmir. Əsasən şəhər və ətrafındakı kəndlər su ilə təmin olunub. Yəqin ki, tədricən başqa kəndlərin ehtiyacları da ödənəcək” – deyə millət vəkili bildirib.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, qeyd olunan proqram başa çatmayıb.
Onun sözlərinə görə, 2020-ci ildə Neftçalaya yalnız bir magistral su kəməri çəkilib:
“Hal-hazırda Neftçala şəhərində və kəndlərində su təminatı üçün ikinci magistral kəmərin tikintisi davam edir. Bu kəmər imkan verəcək ki, bütün kəndlər üçün su əlçatan olsun. Kürdə su azalıb duzlu su ilə qarışanda kəndlər üçün problem yaradır. Ancaq bu yeni kəmər imkan verəcək ki, asılılıq tam aradan qalxsın. Suyu Şirvan-Muğan qrup su kəmərindən alacaqlar və bu kəmərdə modul tiplu su təmizləyici qurğular var. Buradan əhaliyə içməli su veriləcək. Hal-hazırda da Neftçala şəhərində su təhcizatı sistemlərinin qurulması işi həyata keçirilir” – deyə Anar Cəbrayıllı bildirib.
"Çox vədlər eşitmişik...” - deyən kənd sakini Çingiz Səmədov gələcək günlərin verilən sözləri unutdurmayacağına ümid edir.