Noyabrın sonlarından bu yana 6 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
"Mən heç vaxt inanmaram ki, o, özünə xəsarət yetirsin"- bu sözləri özünü güllələyərək həyatına son verdiyi deyilən hərbçi Aslan Əsgərlinin dayısı Davud Qurbanlı deyir.
Hərbi prokurorluq məlumat yayıb ki, 18 yaşlı hərbçi A.Əsgərli dekabrın 14-də özünü güllələyib. Hadisə Ağdam rayonunun N saylı hərbi hissəsində baş verib.
Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib ki, hadisə yerinə və meyitə baxış keçirilib:
“İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib”.
Aslan Əsgərli Lənkəran rayonunun Liman şəhərində doğulub.
A. Əsgərlinin dayısı Davud Qurbanlı AbzasMedia-ya deyir ki, bacısı oğlunun özünü öldürməsinə inanmırlar. O, meyiti görüb və burada müəmmalı məqamların olduğundan şübhələnir:
“Meyiti mən də gördüm, üzərində heç bir digər xəsarət izi yox idi. Boğazında güllə yeri var idi. Mən hərbçi olmuşam, bilirəm ki, güllə girən yer kiçik deşik olar, əsas çıxdığı yeri dağıdıb çıxır. Ancaq onun boğazı dağılmışdı. Bu, mənə çox müəmmalı qaldı".
Davud Qurbanlı deyir ki, Aslan xidmət etdiyi hərbi hissədə kiminləsə problem yaşadığını heç vaxt deməyib:
"Mən heç vaxt inanmaram ki, o, özünə xəsarət yetirsin. Çünki valideyinlərinə bağlı adam idi. O uşaq körpəlikdən zülmlə böyüyüb. Dükanda işləyib qazandığı bir manatı gətirib anasına verərdi. Hələ istintaq gedir, istintaqdan sonra nəsə demək mümkün olar” – deyə Davud Qurbanlı bildirib.
Dekabrın 14-də Nida Vətəndaş Hərəkatı bəyanat yayaraq bildirib ki, noyabrın 28-dən bu yana 6 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib. Hərəkat bildirir ki, vəfat edən hərbi qulluqçular arasında özünə xəsarət yetirmə və ürəktutma hallarının daha yüksək olduğu müşahidə edilir:
"Özünü güllələmə halları orduda əsgərlərlə işin çox zəif aparıldığını və idarəolunmaz hala çatdığını göstərir. Sual olunur: Müdafiə Nazirliyinin müvafiq sahə üzrə məsuliyyətli şəxsləri hara baxır? Nə iş görürlər?
N!DA Vətəndaş Hərəkatı olaraq şübhəli əsgər ölümləri barədə ictimaiyyətin düzgün şəkildə məlumatlandırılmasını və yeni ölümlərin qarşısının alınmasını, peşəkar orduya keçidin tezləşdirilməsini tələb edirik!"- bəyanatda bildirilir.