Rəsmi qurumların qadın qətlləri ilə bağlı açıqladığı rəqəmlə QHT-lərin yaydığı statistika arasında 2 dəfəyə yaxın fərq var
"Bu ilin 9 ayı ərzində məişət zorakılığı zəminində 39 qadın həyatını itirib".
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov tədbir zamanı bu rəqəmi açıqlayıb. O deyib ki, bu ilin 9 ayı ərzində məişət zorakılığı ilə bağlı 1100-dən çox cinayət hadisəsi qeydə alınıb.
Həmin hadisələr nəticəsində 1088 nəfər (893 qadın, 195 kişi olmaqla) xəsarət alıb, 55 nəfər isə həyatını itirib.
"Femisid Azərbaycan" platformasının təsisçisi, tədqiqatçı Nərgiz Muxtarova isə fərqli rəqəmlər təqdim edir. O AbzasMedia-ya bildirib ki, onlarda dekabr ayına qədər olan göstəricilərə görə, məişət zorakılığı nəticəsində qətlə yetirilən qadınların sayı 64 nəfərdir:
“Prokurorluq konkret olaraq “məişət zorakılığı” izahına uyğun gələn halları qeyd edir. Yəni, qadın ata, qardaş, ər, nəvə tərəfindən öldürülübsə, qanunla məişət zorakılığı zəminində qətlə yetirilən sayılır. O halda 39 nəfər ola bilər. Amma nişanlısı, ərinin qardaşı, bacısının əri tərəfindən öldürülən qadınlar da var. Çox güman ki, onlar məişət zorakılığı haqda qanunda qeyd olunan kriteriyalara uyğun gəlmədiklərinə görə, sayılmırlar”.
Nərgiz Muxtarova 64 qadının qətli ilə bağlı statistikanı media monitorinqi əsasında əldə etdiklərini deyib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə sözügedən dövr ərzində 71 qadının qətlə yetirildiyini bildirib. O da bu məlumatın mətbuatda gedən qətl xəbərləri ilə bağlı aparılan monitorinqlər əsasında əldə edildiyini söyləyib:
“Qadınlardan 34-ü həyat yoldaşı, altısı qardaşı, üçü oğlu, dördü atası, üçü keçmiş həyat yoldaşı, beşi sevgilisi, dördü qohumu, biri nişanlısı və 11-i qeyri-müəyyən şəxs və ya şəxslər tərəfindən öldürülüb”.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev bildirib ki, bu il qeydə alınan cinayətlərin 6,9 faizini, yəni 1 789 faktı qadınlara qarşı zorakılıq hadisələri təşkil edib.