Alimpaşa Məmmədov ona verilən ittihamların əksəriyyətini qəbul edib
Şəmkirin keçmiş icra başçısı, 1 il 8 aydır həbsdə olan Alimpaşa Məmmədov hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Dekabrın 8-də onunla bağlı mənimsəmə, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. ittihamlarla bağlı bir neçə yüz səhifəlik ittiham aktı elan olunub.
Meydan TV xəbər verir ki, sabiq icra başçısı ona ittiham verilən əməllərin əksəriyyətini qəbul etdiyini deyib. O, 132 epizod üzrə rüşvət almaqda ittiham olunur.
Bu məhkəmə prosesinə hakim Nural Əliyev sədrlik edir. Hakim məhkəmədə dindirmək üçün şahid çağırsa da, vaxt çatışmazlığına görə onu dindirmək mümkün olmayıb.
Məhkəmə prosesi dekabrın 15-də davam edəcək.
Şəmkirin icra başçısı olmuş Alimpaşa Məmmədov 2021-ci il aprelin 29-da DTX-nın keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193.1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.
Onun həbsindən sonra özünün və yaxınlarının 10 milyondan çox dəyərdə əmlakı üzərinə həbs qoyulub. Onların arasında “Abad Şəmkir” MMC – qida məhsulları istehsal zavodu, “Az Farel” MMC – balıq yetişdirmə və emalı müəssisəsi və Bakıda mənzillər də var.