Atışmada həyatını itirən hərbçilərin bəzilərinin kimliyi məlum olub [Yenilənir]

Atışmada həyatını itirən hərbçilərin bəzilərinin kimliyi məlum olub [Yenilənir]
13 Sentyabr 2022
Mətni dəyiş

Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan arasında baş verən atışma nəticəsində həyatını itirənlər var.

Azərbaycanın Müdafiə Nazirliyi itkilərlə bağlı rəsmi rəqəm açıqlamasa da, AbzasMedia son atışmada həyatını itirən bəzi hərbçilərin kimliyini müəyyənləşdirə bilib.

*****

2001-ci ildə Quba rayonunun İsnovqışlaq kəndində doğulan Ümid İlqar oğlu Həsənov sentyabrın 12-də atışma zamanı həyatını itirib.

Məlumatı Vəlvələ kənd icra nümayəndəsi Mahir Məmmədov təsdiqləyib.

"3 aydır MAXE kimi xidmətə başlamışdı. Atası 2013-cü ildə vəfat edib, anası ilə tək yaşayıb. Nəşi sabah kəndə gətiriləcək", Mahir Məmmədov bildirib.

*****

Sentyabrın 12-də axşam saatlarından etibarən Azərbaycan-Ermənistan arasında baş verən atışma nəticəsində Bakının Abşeron rayon sakini Firuz Məzahir oğlu Əhmədovun, Qazax rayonunun Kəmərli kənd sakini, XTQ zabiti Yunis Qasım oğlu Kazımovun, Xaçmaz rayonunun Əbilyataq kənd sakini, baş gizir Elnur Faid oğlu Rüstəmovun, Kürdəmir rayonunun Dəyirmanlı kənd sakini, XTQ giziri Nəzər Ağacəlil oğlu Əzizovun da həyatlarını itirdikləri bildirilir.

******

Qobustanın Sündü kənd sakini, XTQ giziri Vadim Alik oğlu Qocayevin də sentyabrın 12-də atəşkəsin pozulması nəticəsində həyatını itirdiyi bildirilir. 

Məlumatı Qobustan Rayon İcra Hakimiyyəti başçısının Sündü kəndi üzrə nümayəndəsi Daşqın Balaqardaşov təsdiqləyib.

Vadim Qocayevin 2-ci Qarabağ Müharibəsində yaralandığı qeyd edilir.

1997-ci ilin 10 yanvarında doğulan Vadim Qocayev evlidir, bir övladı var.

Onun cənazəsinin Kəlbəcərin Toğana kəndindən Gəncə hospitalına gətirildiyi deyilir.

Hazırda atası ilə dayısı cənazəni gətirmək üçün Gəncəyə gedib.

******

Atəşkəs pozulması nəticəsində Xızı rayonu, Giləzi qəsəbəsi sakini, "Komando" tabor komandiri, kapitan Saleh Möhübbət oğlu Qurbanov da həyatını itirib. 

Məlumatı Giləzi qəsəbə icra nümayəndəsi Aydın Dadaşov təsdiqləyib. 

1990-cı il təvəllüdlü Saleh Qurbanov 2011-ci ildən hərbi xidmətdə olub.

Evli olub, 1 övladı var.

Onun nəşi doğulduğu kəndə gətirilir.

******

Cəlilabad rayonunun Əsədli kənd sakini, XTQ giziri Səid Sarıbala oğlu Həsənov da dünənki atışmada həyatını itirib.

Bu barədə Ləkin kənd ica nümayəndəsi Xanbaba Əliyev məlumat verib.

"Valideynləri hazırda Gəncədədir. Şəhidinin meyitinin aşağı düşürülməsini gözləyirlər ki, götürüb gəlsinlər. Məndə olan məlumata görə, 6-7 ildir hərbidə xidmət edirmiş. Nişanlı idi. Oktyabrda toyu olacaqdı. Qismət olmadı", Xanbaba Əliyev deyib.

Səid Həsənov 1992-ci il təvəllüdlü olub.

******

Dünənki atəşkəs pozulması nəticəsində Saatlının Qaranuru kənd sakini, müddətdən artıq hərbi xidmətdə olan 2000-ci il təvəllüdlü Ülvi Əsədulla oğlu Nəsirov da həyatını itirib.

Məlumatı kənd icra nümayəndəsi təsdiqləyib.

22 yaşlı MAXE Ülvi Nəsirovun Sərhəd Qoşunlarının tərkibində Zəngilan və Kəlbəcər rayonlarında xidmət etdiyi bildirilir. Onun nəşinin Füzulidən doğulduğu rayona gətiriləcəyi qeyd edilib.

*****

Atışmada həlak olan hərbçi Azər Məmmədovun ailəsi: “Ay yarım idi evlənmişdi”

Sentyabrın 12-də axşam saatlarından etibarən Azərbaycan-Ermənistan arasında baş verən atışma nəticəsində həyatını itirənlər var.

Azərbaycanın Müdafiə Nazirliyi itkilərlə bağlı rəsmi rəqəm açıqlamasa da, AbzasMedia son atışmada həyatını itirən bəzi hərbçilərin kimliyini müəyyənləşdirə bilib.

Son döyüşlərdə həyatını itirənlərdən biri - baş gizir, 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuş Azər Məmmədovdur. Hərbçinin yaxınları onun ölümünü AbzasMedia-ya təsdiqləyiblər.

“Ay yarım idi evlənmişdi. Sərhəd Qoşunlarında xidmət edirdi.  Hara göndərirdilər, gedirdi. Zəngilanda, Kəlbəcərdə xidmət edib. Bizə kənd icra nümayəndəliyindən məlumat verdilər ki, Azər şəhid olub. Atası onun nəşin götürmük üçün Füzuliyə gedib” - deyə ailədən bildiriblər.

******

Həlak olanlardan biri də MAXE, Zərdab rayonunun Gəndəbil kəndində anadan olmuş 1993-cü il təvəllüdlü Rüstəmov Fərid Nofəl oğludur. Onun ölümünü ərazi üzrə icra nümayəndəliyi təsdiqləyib. Fərid Rüstəmov ailəli olub və iki azyaşlı uşağı var.

*****

Atışmada Lerikin Əvilə kənd sakini, 1994-ci il təvəllüdlü hərbi qulluqçu Şəmistan Əbdülağa oğlu Sadıxov, 1996-cı il doğumlu hərbçi Elşən Sahib oğlu Babazadə, 1994-cü il təvəllüdlü Fərid Kamaləddin oğlu Möhbalı həlak olub. İcra nümayəndəlikləri məlumatı Meydan TV-ə təsdiqləyiblər.

Sentyabrın 12-i axşam saatlarından Ermənistan-Azərbaycan arasında hərbi gərginlik artıb. Hər iki ölkə bir-birini təxribatda ittiham edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan 49 hərbçisini itirib və bu yekun rəqəm deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun