Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq, sentyabrın 11-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordunun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğunu bildirib.
Qurumdan həmçinin qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan Müdafiə Nazirliyinin sərhəd zonasında atışma ilə bağlı bəyanatını dezinformasiya adlandırıb.
“Sentyabrın 11-də axşam saatlarında Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhəd zonasının şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutmayıb.
Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir və ER Silahlı Qüvvələrinin bölmələrinin tam nəzarəti altındadır”, - Ermənistan Müdafiə Nazirliyi bildirib.
Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlarla Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda erməniləri yaşayan ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Avqustun sonunda Laçın şəhəri və iki kənd də Azərbaycanın nəzarətinə qaytarılıb.
Son iki ildə atəşkəs dəfələrlə pozulub, hər iki tərəf itki verib və bir-birini atəşkəs pozuntusuna görə ittiham edib. Ötən ay Azərbaycan qüvvələri bir sıra strateji yüksəkliklərə nəzarəti bərpa edib.
Hazırda iki ölkə arasında yüksək səviyyədə təmaslar davam edir, sülh sazişi, digər məsələlərlə bağlı müzakirələr aparıldığı bildirilir.