Bakıda loqopedik və psixoloji reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb.
AbzasMedianın məlumatına görə, görüntülər paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində qeydə alınıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi məsələnin nəzarətə götürüldüyünü və araşdırıldığını bildirib.
Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır:
"Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq".
Mərkəzin Bakıda üç filialı var. Onlarla əlaqə saxlamağa çalışsaq da, mobil nömrələrinin hamısı söndürülüb, şəhər telefonlarına da cavab verilmir.