“Axtarış aparmaq üçün evə də gəlirlər, mən də evə gedirəm”
Vəkil Elçin Sadıqovun ofisində axtarış aparılır. Bu barədə vəkil öz “Facebook” hesabında məlumat yayıb. O bildirib ki, axtarış onun vəkillik fəaliyyətinə görədir. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Vəkilin yoldaşı Zibeydə Sadıqova bildirib ki, axtarışı prokurorluq əməkdaşları aparır: “Elçin Sadıqov saxlanılıb. Hazırda ofisdədir və prokurorluq əməkdaşları ofisdə axtarış aparır. Axtarış aparmaq üçün evə də gəlirlər, mən də evə gedirəm. Axtarışın səbəbi Eynulla Fətullayevin yazısıdır”.
Sentyabrın 7-də haqqin.az saytının yaydığı məlumata görə, jurnalist Əvəz Zeynallı həbsdə olan iş adamı, "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən təhdid yolu ilə 20 min manat pul alıb. Yazıda iddia olunur ki, sentyabrın 3-də razılaşma əsasında alınan 20 min manatın qarşılığında Əvəz Zeynallı efirində R. Məmmədovu tənqid etməyəcəyinə söz verib. Daha sonra Əvəz Zeynallının razılaşmanı pozması səbəbindən pul geri qaytarılıb. Saytda Əvəz Zeynallının səsi yayılsa da, söhbətin puldan getdiyi anlaşılmır.
Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev digər yazılarında qeyd edib ki, pulun alınmasında və qaytarılmasında vəkil Elçin Sadıqov vasitəçi olub.
Əvvəz Zeynallı və Elçin Sadıqov ittihamları rədd edib. Daha sonra Baş Prokurorluq məlumat yayaraq işin araşdırıldığını bildirmişdi.
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə metallurgiya sənayesinin inkişafına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunub. Ona Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, məhkəməsi davam edir.