KTMT Ermənistana missiya göndərir
Azərbaycan-Ermənistan arasında baş verən son hərbi gərginliklərlə bağlı reaksiyalar davam edir.
ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken bildirib ki, ABŞ Rusiyanın oda benzin tökə biləcəyindən narahatdır: “Rusiya diqqəti Ukraynadakı məsələlərdən yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında münaqişəni "qarışdırmağa” cəhd edə bilər”.
Fransa prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Makron bildirib ki, dərhal atəşkəs razılaşmasının icrasına qayıtmaq lazımdır.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan arasında baş veriən gərginliklə bağlı keçirilən növbədənkənar iclasında Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib. Missiyanın əsas vəzifəsi mövcud vəziyyəti dəyərləndirib, həll yollarını müəyyən etməkdir.
Sentyabrın 12-i axşam saatlarından etibarən Ermənistan-Azərbaycan arasında hərbi gərginlik artıb. Hər iki ölkə bir-birini təxribatda ittiham edib. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistanın diversiya qrupu gecə vaxtı Azərbaycan ərazisinə keçərək, hərbi infrastruktur olan ərazilərdə təminat yollarını minalamağa çalışıb. Cavab tədbirləri görülüb və döyüş başlayıb.
Ermənistan hökuməti isə bunu təkzib edib və Azərbaycanı Ermənistanın dövlət sərhəddini pozmaqda ittiham edib.
Azərbaycan Müdafiə Nazirliyi döyüşlərdə 50 hərbçisinin həyatını itirdiyini bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, Ermənistan 49 hərbiçisini itirib və bu yekun rəqəm deyil.