Milli Məclisin deputatı Səttar Möhbalıyevin əmisi nəvəsi Fərid Möhbalı Ermənistan-Azərbaycan arasında baş tutan son atışmada həlak olub.
Səttar Möhbalıyevin sədri olduğu Həmkarlar İttifaqları Konfederasiyası AbzasMedia-ya məlumatı təsdiqləyib.
Bildirilib ki, Fərid Kamaləddin oğlu Möhbalı Azərbaycan Silahlı Qüvvələrinin zabiti olub.
Sentyabrın 12-i axşam saatlarından etibarən Ermənistan-Azərbaycan arasında hərbi gərginlik artıb. Hər iki ölkə bir-birini təxribatda ittiham edib. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistanın diversiya qrupu gecə vaxtı Azərbaycan ərazisinə keçərək, hərbi infrastruktur olan ərazilərdə təminat yollarını minalamağa çalışıb. Cavab tədbirləri görülüb və döyüş başlayıb.
Ermənistan hökuməti isə bunu təkzib edib və Azərbaycanı Ermənistanın dövlət sərhədini pozmaqda ittiham edib. Azərbaycan Müdafiə Nazirliyi itkilərin sayını açıqlamayıb. Ancaq Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan 49 hərbiçisini itirib və bu yekun rəqəm deyil.