“Məhkəmə iclası qapalı rejimdə, elementar prosessual təminatlar olmadan keçirilib ki, bu da onların həbsinin qanuniliyinə şübhələri artırır”
“Vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının həbsi Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının və müstəqil media mütəxəssislərinin üzləşdikləri düşmənçilik mühitini bir daha nümayiş etdirdi”- Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç bu barədə yazıb.
O bildirib ki, E.Sadıqov onlarla tərəfdaşdır və uzun illərdir Azərbaycanda onlarla fəalı, müstəqil jurnalisti, müxalifətçini cəsarətlə müdafiə edir:
“Təəssüflər olsun ki, Azərbaycanda bir çox digər fəallar kimi o da öz qanuni hüquq-müdafiə fəaliyyətinə görə daim hədələrə və təqiblərə məruz qalır. Öz növbəsində, Zeynallı müstəqil jurnalist kimi tanınır, o, tənqidi mövqeyinə görə əvvəllər də təhdidlərə məruz qalıb” - Miyatoviç qeyd edib.
Avropa Şurasının insan hüquqları üzrə komissarı Sadıqov və Zeynallının həbsilə bağlı məhkəmə prosesinin gecə saatlarında keçirilməsinin bu prosesin insan hüquqları sahəsində Avropa standartlarına uyğun olub-olmamasına dair ciddi suallar yaratdığını əlavə edib:
“Məhkəmə iclası qapalı rejimdə, elementar prosessual təminatlar olmadan keçirilib ki, bu da onların həbsinin qanuniliyinə şübhələri artırır”, - Avropa komissarı qeyd edib.
Miyatoviç deyib ki, Sadıqovun həbsi onun ofisində aparılan axtarışdan və peşə sirri haqqında qanunla qorunmalı olan məxfi məlumatların müsadirəsindən sonra baş verib.
Dunya Miyatoviç Azərbaycan hakimiyyətini Sadıqov və Zeynallını dərhal azad etməyə, onların hüquq və azadlıqlarını tam təmin etməyə çağırıb:
“Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinə və müstəqil jurnalistlərə qarşı təzyiqlərə və təqiblərə dərhal son qoyulmalıdır. Hakimiyyət hüquq müdafiəçilərinin və KİV işçilərinin öz işlərini təhlükəsiz və sərbəst şəkildə yerinə yetirmələrini təmin etməyə borcludur”- Avropa komissarı vurğulayıb.
Sentyabrın 11-də Elçin Sadıqov və Əvəz Zeynallı Baş Prokurorluğun mətbuatda yayılan məlumatlar əsasında başlatdığı “rüşvət alma” işi üzrə həbs ediliblər.
Onların hər ikisi ittihamları rədd edib.