Sentyabrın 12-i axşam saatlarından etibarən Ermənistan-Azərbaycan arasında hərbi gərginlik artıb. Hər iki ölkə bir-birini təxribatda ittiham edib.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistanın diversiya qrupu sutkanın qaranlıq vaxtı Azərbaycan ərazisinə keçərək, hərbi infrastruktur olan ərazilərdə təminat yollarını minalamağa çalışıb. Cavab tədbirləri görülüb və döyüş başlayıb. Ermənistan tərəfi isə bunu təkzib edib və Azərbaycanı Ermənistanın dövlət sərhədini pozmaqda ittiham edib.
Ermənistanın Baş naziri gecə saatlarında Fransa və Rusiya prezidentləri ilə əlaqə saxlayıb.
Ümumilikdə isə hər iki ölkənin liderlərinin sonuncu Brüssel görüşündən sonra, hərbi-siyasi vəziyyət gərginləşib. Xüsusən, hər iki ölkənin dövlət sərhədində atəkəs pozuntusu halları artıb.
Son döyüşlərlə bağlı açıqlamalarda nə Ermənistan Müdafiə Nazirliyi, nə də Azərbaycan Müdafiə Nazirliyi itkilərin sayını açıqlamayıb.
Hələlik gərginlik davam edir.