Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir.
Bu barədə məlumatı APA yayıb. Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.
General-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub.
Tərtər işi
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən istintaq hərəkətləri aparılmaqdadır.
Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilmişdir. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib.