Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku steel company"nin keçmiş rəhbəri Rasim Məmmədovun işi üzrə məhkəmə istintaqı başlayıb.
Prosesdə ittiham aktı elan olunub, deyilir ki, Rasim Məmmədov öz səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil edib, başqa şəxslərin adına şirkətlər yaradıb və zavodun məhsullarını aşağı qiymətə satıb. Ümumilikdə, ona 55 milyon manatı mənimsəmək və israf etməklə bağlı ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs özü bu ittihamları rədd edərək günahsız olduğunu bildirib. O deyib ki, məhkəməyə təqdim olunan sənədlər düzgün deyil və o bu ittihamları təkzib edən sənədləri təqdim etməyə hazırdır. O, məhkəmədən ittihamlar üzrə ifadə verməyə hazırlaşmaq üçün vaxt istəyib.
Növbəti məhkəmə iclası sentyabrın 12-nə təyin edilib.
Bu il fevralın 3-də Rasim Məmmədovu saxlayan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, o, bir neçə il ərzində 13 milyon manatdan çox vəsaiti mənimsəyib, 42 milyon manatlıq məhsulu israf edib.
Bununla da müəssisənin maliyyə vəziyyətinə ciddi ziyan dəyib. Bundan əlavə, Məmmədov aldatma yolu ilə ayrı-ayrı şəxslərin pul vəsaitlərini mənimsəyib.
(Turan)