Sentyabrın 12-i axşam saatlarında Azərbaycan-Ermənistan arasında atəşkəs pozulub. Hər iki tərəfdə itkilərin olduğu bildirilir.
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərin və intensiv atəşlərin dərhal dayandırılması ilə bağlı çağırış edib. Aİ nümayəndəsi bildirib ki, Avropa İttifaqı gərginliyin azaldılmasına töhfə vermək üçün tərəflərlə sıx əlaqə saxlayır.
Bununla bərabər, İran İslam Respublikası da son gərginliklə bağlı mövqe bildirib. İran Xarici İşlər Nazirliyi bildirib ki, sərhəddəki hansısa dəyişiklik İran üçün qəbuledilməzdir.
“Tərəflər təmkinli olmaldır. Gərginlik sülh və beynəlxalq hüquq əsasında həllini tapmalıdır. Sərhəddəki hansısa dəyişiklik İran üçün qəbuledilməzdir:
“Biz hadisələri yaxından izləyirik. Hər iki ölkənin ərazi bütövlüyünə hörmət edilməsi vacibdir. Rəsmi Tehran iki ölkə arasında mübahisələrin həlli üçün hər cür yardım göstərməyə hazırdır”.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Ermənistan təxribata son qoymalıdır:
“Onlar Azərbaycanla əldə etdikləri barışıq çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa diqqət yetirməlidirlər".
Bundan əvvəl ABŞ-ın Azərbaycandakı Səfirliyi açıqlama yayaraq baş verənlərdən narahatlıq ifadə edib.
Sentyabrın 12-i axşam saatlarından etibarən Ermənistan-Azərbaycan arasında hərbi gərginlik artıb. Hər iki ölkə bir-birini təxribatda ittiham edib. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistanın diversiya qrupu sutkanın qaranlıq vaxtı Azərbaycan ərazisinə keçərək, hərbi infrastruktur olan ərazilərdə təminat yollarını minalamağa çalışıb. Cavab tədbirləri görülüb və döyüş başlayıb. Ermənistan tərəfi isə bunu təkzib edib və Azərbaycanı Ermənistanın dövlət sərhədini pozmaqda ittiham edib. Son döyüşlərlə bağlı açıqlamalarda nə Ermənistan Müdafiə Nazirliyi, nə də Azərbaycan Müdafiə Nazirliyi itkilərin sayını açıqlamayıb.