“Hökumət qisas almaq üçün mətbuat nümayəndələrinin və onların vəkillərinin həbsindən çəkinməlidir”
Nyu-Yorkdakı Jurnalistləri Müdafiə Komitəsi (Committee to Protect Journalists) jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbs edilməsi ilə bağlı bəyanat yayıb.
Komitənin bəyanatında bildirilib ki, Azərbaycan hakimiyyəti jurnalist Əvəz Zeynallını və vəkil Elçin Sadıqovu azad etməli, onlara qarşı irəli sürülmüş ittihamları ləğv etməlidir.
Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid deyib ki, hakimiyyəti tənqid edən, əvvəllər də məhkum edilmiş jurnalist Əvəz Zeynallıya və jurnalistləri dövlət repressiyalarından müdafiə edən vəkil Elçin Sadıqova qarşı rüşvət ittihamları hökumətyönlü KİV-in iddialarına əsaslanır.
“Azərbaycan hakimiyyəti Zeynallı və Sadıqovu azad etməli, onlara qarşı irəli sürülən ittihamları götürməli, öz işlərinə görə qisas almaq üçün mətbuat nümayəndələrinin və onların vəkillərinin həbsindən çəkinməlidir” - Gülnoza Səid qeyd edib.
Bu gün Bakı Apellyasiya Məhkəməsi “Xural” TV-nin rəhbəri Əvəz Zeynallının həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayəti təmin etməyib.
Məhkəmə həbsin alternativ qətimkan tədbirilə əvəzlənməsi və ya zaminə buraxılma ilə bağlı müdafiə tərəfinin vəsatətlərini rədd edib.
Sentyabrın 11-də Binəqədi Rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqov barədə 4 aylıq həbs qətimkan tədbiri seçib. Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.3 və 32.5, 311-ci (külli miqdarda rüşvət almağa kömək etmə) maddələrilə ittihamlar irəli sürülüb. Zeynallı və Sadıqov onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.