Neftçi pensiyasının hesablanmasında yol verilən səhvə görə Əmək Nazirliyini məhkəməyə verib

Neftçi pensiyasının hesablanmasında yol verilən səhvə görə Əmək Nazirliyini məhkəməyə verib
5 Sentyabr 2022
Mətni dəyiş

74 yaşlı təqaüdçü Bağır Xanlarov ömrü boyu quruda və dənizdə neft və qaz hasilatı və qazma müəssisələrində, Səngəçal neft terminalının tikintisində və istismarında mühəndis işləyib. 49 illik iş stajının bir hissəsi ağır və zərərli əmək şəraitində işdə keçib.

Xanlarov 2009-cu ildə pensiyaya çıxıb və 2021-ci ilin dekabrına qədər pensiya alıb. Sonradan pensiyası kəsilib (2021-ci ilin dekabr ayı üçün ümumiyyətlə ödənilməyib). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafə Fonduna ("Pensiya Fondu") və DOST agentliyinə dəfələrlə edilən zənglər, yazılan məktublar və ziyarətlər nəticə verməyib. Xanlarova deyiblər ki, 13 il əvvəl ona yanlış pensiya növü müəyyən edilib, pensiya yenidən hesablanıb və böyük hissəsi kəsilmiş pensiyanın 20 faizi tutulacaq, baxmayaraq ki, uzun illər ərzində aparılan yoxlamalar heç nə üzə çıxarmayıb.

"Həqiqətin axtarışında məhkəməyə müraciət etməli oldum. 2022-ci ilin mayından etibarən Bakı İnzibati Məhkəməsinin iki iclası keçirilib, 3-cü iclas sentyabra təyin edilib (hakim Mehriban Qarayeva).

Əmək Nazirliyi təkcə təqaüdçülərə deyil, məhkəməyə də etinasızlıq edir. Zəruri sənədlər təqdim edilmir, işə baxılması hər yolla gecikdirilir, konkret suallara konkret cavablar verilmir. Son zamanlar isə Əmək Nazirliyi Prokurorluğun Antikorrupsiya İdarəsi vasitəsilə mənə psixoloji təzyiq göstərir (prokuror Rüfət Kərimov).

Ümid edirəm ki, işimin ictimailəşdirilməsi məmur özbaşınalığına qarşı mübarizədə kömək edəcək, konstitusiyada zəmanət verilən hüquqlarımızı təmin edəcək", neftçi Bağır Xanlarovun Turan agentliyinə göndərdiyi məktub bu sözlərlə başa çatır.

Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə açıqlama verilməsi xahişi ilə müraciət edib. Oradan yazılı olaraq Xanlarovun pensiyasının yenidən hesablanması ilə əlaqədar işin məhkəmə icraatında olduğunu təsdiq ediblər. Məhkəmənin növbəti iclası sentyabrın 21-də keçiriləcək.

"İşlə bağlı bir sıra faktlar aşkar edilib. Bu dəlillər məhkəməyə təqdim ediləcək. Davam edən məhkəmə prosesi ilə əlaqədar ictimaiyyətə hər hansı məlumat verə bilmirik", deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Rəşad Mehdili Turan-a bildirib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun