Parlamentdə təmsil olunan partiyalar yeni qanun layihəsi ilə tələb olunan 10 min nəfər üzvə sahibdirlərmi?
Milli Məclisə təqdim olunan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində müzakirələrə səbəb olan məsələlərdən biri də partiyalardan qeydiyyata alınmaları üçün 10 min üzvün tələb olunmasıdır.
Belə ki, qanunun 6.1-ci maddəsində qeyd olunub ki, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 min üzvü olmalıdır.
Qanunun 30.1 ci maddəsində isə qeyd olunur ki, qanun qüvvəyə minəndən sonra bu sayda üzvü olmayan partiya 90 gün müddətində üzvlərinin sayını 10 min nəfərə çatdırmalıdır.
Milli Məclisdə 11 siyasi partiya təmsil olunub. Bəs onların neçə üzvü var?
On min nəfər üzvü olmayan partiyalar 90 gün müddətində bu saya necə çatacaqlar?
Fəzail Ağamalı: “Son qurultayda verilən məlumata görə, partiyamızın 20 mindən yuxarı üzvü var”
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı AbzasMedia-ya bildirib ki, qanun layihəsində partiyanın qeydiyyata alınması üçün nəzərdə tutulan 10 min üzv tələbini onlar Milli Məclisə təqdim ediblər.
“Biz təklif vermişdik ki, partiyalar qeydiyyat üçün 7-10 min nəfərin imzası ilə müraciət etsələr, daha yaxşı olar. O partiyalar ki, Azərbaycanın ictimai-siyasi həyatında həlledici rol oynayacaq, bələdiyyə, parlament, prezident seçkilərində iştirak edəcək gücə malik deyillər, deməli siyasi partiya kimi fəaliyyət göstərə bilməzlər. Biz bunun əleyhinə deyilik. Siyasi partiya anlayışı ciddi anlayışdır və partiyaların qarşısında çox ciddi vəzifələr durur”- deyə Fəzail Ağamalı bildirib.
Fazil Mustafa: 10 min üzvümüz var
Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa deyir ki, partiyada 10 min nəfər üzv var.
Onun sözlərinə görə, tələb olunan rəqəm az olsa, daha yaxşı olar.
“Beynəlxalq hüquqda belə tələb yoxdur. Ancaq hər ölkənin öz qanunu var. Az olsa, daha yaxşı olar. Belə olsa, partiyalar daha mobilləşə bilərlər. Ancaq qanun qəbul olunandan sonra bütün fəaliyyətimizi ona uyğunlaşdırmalıyıq” - deyə Fazil Mustafa bildirib.
MCP: Hazırda partiyada 4800 civarında üzv var
Milli Cəbhə Partiyasından sorğumuza cavab olaraq bildiriblər ki, hazırda partiyada 4800 civarında üzv var.
“Azərbaycan reallığı ilə partiyaların maliyyə durumunu nəzərə alsaq, belə bir qanunun qəbulu real görünmür. Amma biz əlbəttə üzvlərin qəbulu, təşkilatlanma, siyahıya alma prosesinə davam edirik. Ancaq Azərbaycan reallığı ilə xüsusilə yeni yaranan partiyalara qarşı bu qərar ədalətli olmaz” - deyə Milli Cəbhə Partiyasından bildirilib.
DİP: “Demokratik İslahatlar Partiyasının hazırda rəsmi olaraq 8130 üzvü var”
Sorğumuza cavab olaraq Demokratik İslahatlar Partiyası bildirib ki, rəsmi olaraq üzvlərinin sayı 8130 nəfərdir.
“Əgər qanun bu şəkildə qəbul edilsə və üzvlərin sayının 10 min nəfərdən artıq olması, onların rəsmən reyestrdən keçirilməsi tələbi qoyulsa, əlbəttə partiyamız da buna müvafiq addımlar atacaq. Biz partiyamızın dəyərlərini bölüşən insanları, indiyədək üzvlüyü rəsmiləşdirilməmiş şəxsləri rəsmi üzvlük prosedurlarından keçməyə dəvət edəcəyik” - deyə partiyadan bildiriblər.
Partiya yeni qanun layihəsinin Azərbaycan reallıqları nəzərə alınmadan hazırlandığı qənaətindədir:
“Qanun layihəsi ortaya çıxar-çıxmaz hamıda o rəy hasil oldu ki, hakim partiyadan başqa partiyaya üzv olanlar reyestrdən keçəndən sonra “qara siyahı”ya salınacaq, təqib ediləcək, normal işlə təmin olunmayacaq, dövlət idarəçilyində yer tuta bilməyəcək və s. Qanunu yazanlar öncə xalqı inandırmalıdırlar ki, bu, hansı əşədü-ehtiyacdan doğub. Ölkəyə, siyasi mühitə hansı müsbət dəyişiklikləri gətirəcək? Yaxud, 700 minlik hakim partiya və üstəlik azı 10 min üzvü olan 60 partiya, ümumilikdə 1 300 000 fəal siyasətlə məşğul olan insan bizim ölkənin siyasi həyati üçün zəruridirmi, arzu olunandırmı, realdırmı?”- deyə partiya bu tələbi sorğulayır.
AbzasMedia Vəhdət, Azərbaycan Demokratik Maarifçilik, Vətəndaş Birliyi partiyaları ilə əlaqə saxlamağa çalışsa da, onların nə rəsmi saytına, nə səhifəsinə, nə də aktiv telefon nömrələrinə rast gəlməyib.
Milli Məclisdən bildirilib ki, 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini parlamentə təqdim edib. Qanun layihəsi ilə bağlı ilk ictimai dinləmənin sentyabrın 28-də keçirilməsi gözlənilir.