Azərbaycan-Ermənistan liderlərinin Brüssel görüşündən sonra cəbhə xəttində yenidən gərginlik yaranıb. Hərblə yanaşı siyasi vəziyyətdə də mənfi hərəkətlilik hiss olunur.
Belə ki, Sentyabrın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib. Azərbaycan tərəfi səfərə reaksiya verərək bunu təxribat adlandırıb və bildirib ki, cavabsız qalmayacaq.
Bununla yanaşı, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı səmimi olmamaqda ittiham edib. XİN başçısı bildirib ki, Azərbaycan görüşlərdə əldə olunan razılaşmaların icrasını həyata keçirmir və ancaq gücdən istifadə edərək istədiklərinə nail olmaq istəyir.
Tərəflərin müxtəlif məsələlər ətrafında razılığa gəldiyi bildirilən Brüssel görüşdən sonra hərbdə də gərginlik davam edir. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarında qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bununla bərabər, sentyabrın 4-ü axşam Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Sentyabrın 2-də isə bildirilib ki, 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.