"Baku Steel Company” şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədov jurnalist Əvəz Zeynallının onu dəfələrlə hədələyərək şantaj etdiyini bildirib.
O, bu barədə sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinndə çıxışı zamanı deyib.
Rasim Məmmədovun iddiasına görə, Əvəz Zeynallı onun məhkəmə çəkişməsində olduğu “Bakı İnşaat Sənaye” ASC-nin rəhbəri Loğman Zülfüqarlıdan pul alaraq bu şantajı həyata keçirib:
“Bu gün də mənim ailəmə qarşı eyni şeyi edir. Əvəz cinayətkardır. Uzun illər məndən rüşvət tələb edib. Loğman Zülfüqarlı və Əvəz Zeynallı Türkiyə xüsusi xidmət orqanlarına ərizə göndərib ki, guya mən orada Loğmanın oğurlanmasını sifariş vermişəm. Övladlarımı gizli nömrələrlə zəng edib təhdid eləyirdilər ki, hər şeyinizi əlinizdən alacaqlar”- R. Məmmədov məhkəmə çıxışında deyib.
İş adamı əlavə edib ki, Əvəz Zeynallı neçə illərdir ona qarşı terror eləyir: “Dəfələrlə pul tələb edib. Mən həbs olunandan sonra yenidən bu işlə məşğul olub”.
Hakim təqsirləndirilən şəxsin çıxışını saxlayıb, mahiyyəti üzrə danışmalı olduğunu bildirib. Prokuror vəsatət qaldırıb ki, cinayət xarakterli məsələ ilə bağlı məlumat olduğu üçün, Rasim Məmmədovun dedikləri araşdırılması üçün prokurorluğa göndərilsin.
R.Məmmədovun vəkilləri vəsatət verərək deyib ki, digər vəkil Elçin Sadıqovla bağlı qərar dəyişə bilər və o, yenidən müdafiə prosesinə qoşula bilər. Buna görə də, iclasın təxirə salınmasını istəyiblər. Hakim vəsatəti təmin etməyib.
Sentyabrın 7-də haqqin.az saytının yaydığı məlumata görə, jurnalist Əvəz Zeynallı həbsdə olan iş adamı, "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən təhdid yolu ilə 20 min manat pul alıb. Yazıda iddia olunur ki, sentyabrın 3-də razılaşma əsasında alınan 20 min manatın qarşılığında Əvəz Zeynallı efirində R. Məmmədovu tənqid etməyəcəyinə söz verib. Daha sonra Əvəz Zeynallının razılaşmanı pozması səbəbindən pul geri qaytarılıb. Saytda Əvəz Zeynallının səsi yayılsa da, söhbətin puldan getdiyi anlaşılmır.
Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev digər yazılarında qeyd edib ki, pulun alınmasında və qaytarılmasında vəkil Elçin Sadıqov vasitəçi olub.
Əvvəz Zeynallı və Elçin Sadıqov ittihamları rədd edib. Daha sonra Baş Prokurorluq məlumat yayaraq işin araşdırıldığını bildirmişdi.
Sentyabrın 10-da hər iki şəxs saxlanılıb və rüşvət almaqda ittiham olunaraq hakim qarşısına çıxarılıblar. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barsəində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.