“Uşağın qulağının arxası gömgöy olurdu, qulağının özü qançır idi”- Reabilitasiyada uşağı döyülən valideynlər polis idarəsinə şikayətə gəldilər
“Dişlək izi də var idi, boynunun arxasında travma da var idi. Biz bunu dəfələrlə deyirdik, bizə məhəl qoymurdular”- Nizami rayon Polis İdarəsinə “Mehnur” Reabilitasiya Mərkəzinin işçiləri haqqında şikayətə gələn valideyn Murad İmamverdiyev deyir. O da övladı bu mərkəzdə müalicə alan digər valideynlər kimi sosial mediada uşaqlarının döyülmə kadrlarını görəndən bəri özünə yer tapa bilmir:
“Övladım autizm qüsurludur. 3 ildir bu bərpa mərkəzinə gəlir. Mənim əlimdə videolar var, çəkilişlər var. Burada dediyimiz şeyləri biz dəfələrlə deyirdik. Bizə deyirdilər ki, elə şey ola bilməz. Bu travma aldığı vaxtlar, hər şey olduğu vaxtlar deyirdilər ki, ola bilsin maşında qüsur olar. Amma maşında olmayıb”.
9 aydır Mərkəzdə reabilitasiya alan 5 yaşlı nəvəsinin döyülmə kadrlarını görəndən sonra Pərvanə Əliyeva da polisə şikayət ərizəsi yazmağa gəlib. O deyir ki, Mərkəzə qoyulandan bəri nəvəsinin səhhətində heç bir irəliləyiş olmayıb, əksinə uşaq aqressivləşib. Mərkəzdə uşaqların döyülmə videolarına baxdıqdan sonra nəvəsinin aqressiyasının səbəbini anlayıb:
“Onun bədənində çox xəsarətlər olurdu. Onların dediyinə görə guya uşaq yıxılıb, ya başqa uşaq onu vurub. Amma indi görürük ki, yox, bu uşaq vurmaq deyilmiş, uşaq yıxılmaq deyilmiş. Bunu ancaq onlar ediblər. Qulağının arxası gömgöy olurdu, qulağının özü qançır olurdu. Ayağında cürbəcür ləkələr olurdu. Axır günlərdə nə boyda şıram kimi var idi. Soruşduq, deyirlər bu iki gündə olub. Bəs nədən olub? Onu deyin də bizə. Onu da demirdilər”.
Pərvanə Əliyeva deyir ki, günlərdir hadisənin təsirindən çıxa bilmir: “Bir nənə kimi şoka düşdüm. Elə indi də sizinlə danışanda əsəb keçirirəm. Siz elə təsəvvür edin ki, sən uşağını əmanət vermisən, əmanəti o günə qoyurlar. Necə olar? Pis, çox pis. Biz neçə gündür yata bilmirik. Ancaq otururuq, danışırıq anormal adamlar kimi, ancaq bunu müzakirə edirik”.
Faktla bağlı Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. Mərkəzin direktor köməkçisi və psixoloqu saxlanılıb.