Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məhkəməsində özünü təqsirli bildiyini deyib.
Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktının elanı yekunlaşıb. Bildirilib ki, eks-nazir tərəfindən rüşvət qismində alınmış, mənimsənilmiş və israf edilmiş pulların ümumi həcmi 27 milyon manatdır.
Məhkəmədə bildirilib ki, törətdiyi əməllərə görə, ona maksimum 20 il müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Hakimin “ittiham üzrə özünüzü təqsirli bilirsinizmi?” sualına Səlim Müslümov, “bəli, tam təqsirli bilirəm” deyərək cavab verib:
Bunun belə, sabiq nazir qeyd edib ki, o, bircə ittiham aktında göstərilmiş mənimsənilən pulların mənim tərəfimdən mənimsənilməsi ilə bağlı hissə ilə razı deyil. Amma hazırkı mərhələdə ifadə vermək istəmədiyini də sözlərinə əlavə edib.
Proses sentyabrın 12-də davam etdiriləcək.
Səlim Müslümov 2021-ci il fevralın 4-də DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu ilin mayında səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılıb.