Azərbaycanda 13 yaşlı qız ana olub. Bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.
O qeyd edib ki, ana xəstəxanaya yerləşdirilib:
“Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. O, xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməsini xahiş edir”.
K.Ağazadə qeyd edib ki, qız təcavüzə məruz qalıb.
Məlumata görə, hadisə Sabunçu rayonunda baş verib.
Qızın atası rəhmətə gedib və anası ilə yaşayıb.
“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib ki, qızın anası nəvəsindən və öz qızından imtina edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) mövzu ilə bağlı açıqlama verib.
Qurumdan bildirilib ki, ötən gün saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:
“Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yeni doğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.
Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı artıq araşdırma başlanılıb.