VİP: Əli Əliyevdən əfv ərizəsi tələb olunur

VİP: Əli Əliyevdən əfv ərizəsi tələb olunur
2 Sentyabr 2022
Mətni dəyiş

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin qarşısında şərt qoyulduğu iddia olunur. O ya dövlət başçısına məktub yazıb, üzr istəməli, peşman olduğunu bildirməli, əfv diləməlidir, yaxud da barəsində uydurma ittihamla yenidən cinayət işi başlanacaq, həbsdə saxlanma müddəti artırılacaq.

Bu fikir VİP funksionerləri və hüquq müdafiəçilərinin sentyabrın 1-də keçirdiyi mətbuat konfransında səslənib. 

Tədbirin keçirilmə səbəbi isə VİP sədrinin yenidən istintaqa cəlb edilməsilə bağlıydı.

Partiya təmsilçiləri Meydan TV-yə bildiriblər ki, Əli Əliyev avqustun 21-dən sonra ailə üzvləri və vəkili ilə nə görüşə, nə də telefonla danışa bilmişdi. Ailəsi onun zəng etməməsindən narahat olub, avqustun 25-də Bakı İstintaq Təcridxanasına gediblər: "Ailə üzvünə deyilib ki, guya təcridxananın ümumi rabitə sistemində nasazlıq var, ona görə dustaqların heç biri zəng eləyə bilmir. Yaxınları üç gün də gözləyib, yenə xəbər çıxmayanda avqustun 28-də yenidən təcridxanaya gedib. Görüşə icazə verilməyib. Bu dəfə bəhanə eləyiblər ki, guya təcridxanada dezinfeksiya işləri aparılır. Vəkili də görüşə buraxmayıblar, deyiblər ki, yeni order təqdim eləmək lazımdır. Vəkil bildirib ki, bu tələb qanunsuzdur, amma nəticəsi olmayıb. Vəkil ayın 30-da yenidən gedib, bu dəfə də başqa bir bəhanə ilə görüşməyə qoymayıblar. Ombudsman Aparatının müdaxiləsindən sonra görüşmək mümkün olub. Nəhayət, avqustun 31-də Sabunçu Rayon Polis İdarəsindən ailəyə zəng eləyib deyiblər ki, istintaqa cəlb olunub”.

Əli Əliyev onunla eyni kamerada saxlanılan dustağa xəsarət yetirməkdə ittiham olunur. Lakin avqustun 31-də vəkili ilə görüşən VİP sədri bunun yalan olduğunu, kimsəyə xəsarət yetirmədiyini, həmin şəxsə ümumiyyətlə, toxunmadığını deyib: "Əli Əliyev danışıb ki, həmin şəxs 6 aydan çoxdur onunla eyni kamerada qalır. Hətta onun çörəyindən yeyir. Onu harasa aparıblar, kameraya qayıdanda özünü döyməyə başlayıb, yerə yıxılıb, deyib ki, işimi artırmaq istəyirlər. Sonra başlayıb məktub yazıb ki, guya Əli Əliyev hücum edib, boğazından tutub, qatıq bankasıyla başından vurub. Hər kəs bilir ki, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına şüşə qab qoymurlar. Qatıq bankası haradan ortaya çıxdı?”

Sözügedən şikayət üzrə araşdırmalar Sabunçu Rayon Polis İdarəsində aparılır. Əli Əliyev hələ ki, şahid qismində dindirilib.

VİP sədri ədliyyə nazirinə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə və Baş prokurora həyatına ciddi təhlükə olması haqda məktub yazıb. Partiya üzvləri deyir ki, hələ bir müddət əvvəl də Əli Əliyevin həyatına təhlükə barədə məktubu vardı, o, yerinin dəyişdirilməsini istəyirdi.

"Əli Əliyevin həyatı təhlükə altındadır. On gündür ona dərmanları verilmir. Səhhətində ciddi problemlər var”, – VİP üzvləri mətbuat konfransında bildirib.

"Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, baş verənlər Əli Əliyevə qarşı şantaj mərhələsinin tərkib hissəsidir: "Yəni razılaşmasan yeni cinayət işi, yeni cəza olacaq. Çox acınacaqlı haldır ki, bir partiyanın sədrini susdura bilmədiklərinə görə 9 ay ərzində ona qarşı 4-cü dəfə cinayət işi başlayırlar”.

Hüquqşünas Namizəd Səfərov vurğulayıb ki, bu hökumətin əsas cinayətlərindən biri də insanların əqidəsinə, siyasi baxışlarına, tənqidlərinə görə şərlənib həbsə atılmasıdır: "Şərəfli insanları şərəfsizlərin əli ilə şərləyirlər…”

Hüquq müdafiəçisi Əlövsət Sadıqlı isə VİP sədrini "İlham Əliyevin şəxsi məhbusu” adlandırıb: "Bu gün baş verənlər Əli Əliyevin "sındırılmasına” cəhddir. Əgər Əli Əliyev "yumşalacam” mesajı versə, dərhal azadlığa buraxılar”.

(Toplum)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun