Vəkil İradə Cavadova: “Son iki gündə sudan da imtina edib”
Sentyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun həbs qətimkan tədbirindən vəkilərinin verdiyi şikayətə baxılıb. E.Sadıqov bu dəfə məhkəməyə gətirilib. Onun özü də, vəkilləri də həbs qərarının əsassız olduğunu deyib.
Vəkillər vurğulayıblar ki, Elçin Sadıqov cəmiyyətdə tanınan şəxsdir, daimi yaşayış yeri var, onun həbsdə saxlanılması üçün heç bir əsas yoxdur. Hakimlər qərar vermək üçün məhkəmə prosesini sentyabrın 17-nə qədər təxirə salıb.
Elçin Sadıqovun vəkili İradə Cavadova onun aclıq etdiyi bildirilib.
"Elçin Sadıqov həbs olunduğu gündən aclıq aksiyasına başlayıb. Əvvəl sadəcə qida qəbul etmirdi, son iki gündə sudan da imtina edib" - Cavadova bildirib.
Elçin Sadıqovun sentyabrın 15-də baş tutan məhkəmə prosesinə qatılmamasının səbəbi bəlli olub. Qeyd edilib ki, məhkəmə təyin olunan vaxtda Sadıqov istintaq hərəkətləri ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb. Buna görə də məhkəmə prosesi bir gün sonraya təyin edilib.
Vəkil Elçin Sadıqov sentyabrın 10-da saxlanılıb. O, "Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallının rüşvət almasına vasitəçilik etməkdə ittiham edilir. Əvəz Zeynallı da "Baku Steel Company"nin keçmiş rəhbəri, həbsdə olan Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alma ittihamı ilə sentyabrın 10-da həbs olunub. Elçin Sadıqov iş adamı Məmmədovun vəkili idi.
Lakin Sadıqov və Zeynallının heç biri özlərini təqsirli bilmir. Vəkili Şəhla Hümbətovanın bildirdiyinə görə, Sadıqov həbsini peşə fəaliyyəti ilə əlaqələndirir, ictimai-siyasi fəallara vəkillik etdiyinə görə cəzalandırıldığını düşünür.