"Onların sifarişləri qəbul etməyib xidmət göstərməmək seçiminə hörmətlə yanaşırıq. Lakin, təəssüf ki, bu kuryer qrupu öz narazılığını başqa kuryerlərə maneəçilik törətməklə əks etdirir. Bu qrup populyar restoranların qarşısında yığışaraq işləmək istəyən kuryer-partnyorlara sifarişləri götürməyə imkan vermir"
Bu sözləri “Wolt Azərbaycan” şirkətinin baş meneceri Tofiq Süleymanov Turan-a deyib.
Şirkətin rəsmisi qeyd edib ki, şirkət bəzi kuryerlərin narazı olub işləməməsinə anlayış ilə yanaşsa da, çoxluq təşkil edən razı kuryer-partnyorların güc ilə qarşısını kəsib, həm onların, həm də restoranların qazanc əldə etməsinə maneə olmasını heç bir şəkildə qəbul edə bilmir. "Biz bu məlumatı işləməyə çalışan başqa kuryer-partnyorlardan almışıq. Aldığımız məlumata əsasən, kuryerlər sifarişləri götürmək istəyən zaman bu qrup tərəfindən şifahi və fiziki cəhətdən təhdid və təhqir olunurlar. Çalışmaq istəyən kuryerlərin sifariş çatdıraraq pul qazanmağının yeganə yolu fiziki mübarizə yolu ilədir. Bu növ davranış qəbulolunmazdır və mütləq şəkildə dərhal dayandırılmalıdır. Qazanc əldə etmək istəyən kuryer-partnyorların işinə heç bir maneə göstərilməməlidir".
Bildirilib ki, hazırkı narazılıq avqust ayının 29-da ödəniş modelinə edilən dəyişikliklər ilə bağlıdır. "Bu dəyişikliklər öncədən 12 avqust tarixində detallı şəkildə bütün kuryer-partnyorlara təqdim olunmuşdur. Eyni zamanda, 15 və 16 avqust tarixlərində kuryer-partnyorların fikirlərini oyrənmək üçün müvafiq videogörüşlər keçirilmişdir".
Süleymanov bildirib ki, yeni modelə əsasən, kuryerin həm müştəriyə, həm də restorana/mağazaya qədər qət etdiyi məsafə naviqator əsasında hesablanır. "Əsas dəyişiklik məhz budur: öncə məsafə düz xətt ilə, indi isə naviqatora əsasən qurulmuş marşrut üzərindən hesablanır. Kuryer-partnyorlar bu dəyişikliyin tətbiq olunmasını uzun müddət ərzində xahiş edirdi və biz onların istəyini məmnuniyyət ilə həyata keçirdik".
Qeyd olunub ki, çatdırılan bir neçə sifariş üçün tək ödəniş olunması barədə iddialar var, lakin bu, həqiqəti əks etdirmir. "Eyni anda iki sifarişi çatdırarkən kuryer-partnyorlarımız həm götürülmə, həm də çatdırılma üçün iki dəfə ödəniş alır. Tapşırıq zamanı bütün nöqtələr (götürülmə və çatdırılma məkanları) arasındakı məsafələr naviqator əsasında hesablanır və kuryer-partnyorlara kompensə olunur. Belə ki, hər iki sifariş üçün kuryer-partnyorlara ədalətli ödəniş olunur və orta saatlıq qazanc, əvvəl də olduğu kimi, 5-6 AZN civarında qalır. Bəli, daha uzun məsafələr üzrə qazanclar əvvəlki ilə müqayisədə daha az ola bilər, lakin çoxluq təşkil edən orta və qısa məsafəli tapşırıqlar üzrə qazanclarda hesabladığımız kimi artım müşahidə olunur. Beləliklə, ümumilikdə orta saatlıq qazanc 5-6 AZN civarında qalır. Bu isə o deməkdir ki, orta statistik kuryer gün ərzində 8 saat işləməklə 40-50 AZN gündəlik qazanc əldə etmək imkanına malikdir".
Şirkətdən vurğulanıb ki, bu dəyişikliklərin ilkin narahatlıqlar doğurduğunu başa düşürlər, lakin atılan addımlar qazancı azaltmaq məqsədi ilə icra olunmayıb. "Biz kuryer-partnyorların effektivliyini artıraraq, hər zaman olduğu kimi, saatlıq qazancların yüksəlməsi üzərində çalışırıq və yeni ödəniş sistemi bu məqsədimizdə kömək edir. Biz məyus kuryerlərin fikirlərinə hörmətlə yanaşırıq və ilk gündən bəzi kuryer-partnyorlar ilə görüşlər keçirmişik. Görüşləri davam etdirib kuryerlərin fikirlərini dinləməyə açığıq, lakin hamını qanunlara riayət edərək, digər kuryer tərəfdaşlarına və restoranlara qarşı nümayiş etdikləri təzyiqə dərhal son qoymağa çağırırıq".
“Wolt Azərbaycan” şirkətinin bir qrup kuryeri günlərdir ki, iş şərtlərinə, yeni tariflərə etiraz olaraq aksiya keçirir. Aksiyadan sonra bəzi kuryerlər işdən çıxarılıb, bəziləri isə müvafiq polis orqanlarına çağırılıb.