Vəkil Elçin Sadıqovun evində axtarış aparılandan sonra məhkəmə sənədləri götürülüb
Vəkil Elçin Sadıqovun xanımı Zibeydə Sadıqova evində axtarış aparılandan sonra jurnalistlərə müsahibə verib. O bildirib ki, prokurorluq əməkdaşları evdən məhkəmə sənədlərini götürüblər. Z. Sadıqova bu hərəkəti qanunsuz hesab edib:
“Gəldilər, mənə məhkəmə qərarı göstərdilər. Heç orada bu ünvan yazılmayıb ki, burada axtarış aparmaq olar. Düzdür, qeydlərimi, etirazlarımı elədim, amma yenə də dedim ki, evə baxsınlar. Müqavilə bağlayıb, müdafiə etdiyim şəxsə aid iş materialları var idi, onları götürdülər. Mən etiraz etdim. Bildirdim ki, birinci gün məhkəməm var, mən hazırlaşmalıyam. Amma etirazım qəbul olunmadı və o iş materiallarını götürdülər”.
Z. Sadıqova bildirib ki, işin gedişatı ilə bağlı heç də ümidli deyil:
“Vəkil kimi düşünürəm ki, yəqin Elçin barəsində nəsə tədbir görmək istəyirlər ki, biz vəkil ola-ola bizim evimiz və ofisimiz axtarışa məruz qalır. Hansı ki, vəkilin ofisi heç vaxt axtarışa məruz qalmamalıdır. Çünki orada konfedensial məlumatlar, insanların iş materialları ilə bağlı sənədlər, müqavilələr var. Hesab edirəm ki, bu qanunsuzdur. Əlbəttə ki, şikayət eləyəcəm. Gözləntim heç də yaxşı deyil”.
Elçin Sadıqovun ofisində axtarış aparılandan sonra orada olan məhkəmə işləri də götürülüb. Vəkil heç bir təqsirinin olmadığını bildirib. Onun hara aparıldığı məlum deyil.
Sentyabrın 7-də haqqin.az saytının yaydığı məlumata görə, jurnalist Əvəz Zeynallı həbsdə olan iş adamı, "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən təhdid yolu ilə 20 min manat pul alıb. Yazıda iddia olunur ki, sentyabrın 3-də razılaşma əsasında alınan 20 min manatın qarşılığında Əvəz Zeynallı efirində R. Məmmədovu tənqid etməyəcəyinə söz verib. Daha sonra Əvəz Zeynallının razılaşmanı pozması səbəbindən pul geri qaytarılıb. Saytda Əvəz Zeynallının səsi yayılsa da, söhbətin puldan getdiyi anlaşılmır.
Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev digər yazılarında qeyd edib ki, pulun alınmasında və qaytarılmasında vəkil Elçin Sadıqov vasitəçi olub.
Əvvəz Zeynallı və Elçin Sadıqov ittihamları rədd edib. Daha sonra Baş Prokurorluq məlumat yayaraq işin araşdırıldığını bildirmişdi.